“Nikol Paşinyan və komandası hətta müharibədə ölən minlərlə insanın xatirəsindən öz piarı üçün istifadə edir. Bu gün matəmlə əlaqədar Respublika Meydanından Yerablur hərbi panteonuna yürüş planlaşdırılır. Minlərlə insanın qatılacağı deyilən bu yürüşdən Paşinyanın müxalifət mitinqlərinə cavab olaraq bir növ “etimad göstəricisi”nə çevirmək istədiyi barədə məlumatlar var”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.
Nəşr baş nazirin səylərinə baxmayaraq, vətəndaşların onun rəhbərlik edəcəyi yürüşə qatılmaq istəmədiklərini iddia edib:
“Mənbələrimizə görə, insanlar Paşinyan və komandasına hörmətlərini ifadə etmək istəmirlər, buna görə onlarla birlikdə yürüşə qatılmaq niyyətində deyillər. Məhz bu səbəbdən bütün nazirliklər, regional idarələr, digər dövlət strukturları və hakimiyyətin “sevimli” oliqarxları yürüşdə izdihamı artırmaq üçün plan qurublar. Onlara insanları inandırma, vəd və təhdidlərlə yürüşə çıxarmaq tapşırılıb.
Paşinyan və komandasının bu aksiyasına görə cəmiyyətdə böyük bir narazılıq var. Bir çoxlarına görə, onun Yerablur hərbi panteonuna getməyə haqqı çatmır. Buna baxmayaraq, Nikol Paşinyanın yürüşdə iştirak edəcəyi məlum olub. Əslində müvafiq qurumlar yürüşdə izdihamın təmin ediləcəyinə əmindir”.