“Baş nazir Nikol Paşinyan təslim olmaq üçün generallardan başlayaraq ordununun başını tamamilə kəsib atdı və istəyinə nail oldu. Dağlıq Qarabağı tamamilə itirdik, indi də Ermənistan sərhədlərini itirməyə başlamışıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin keçmiş idarə rəisi, ədliyyə general-mayoru Tatul Petrosyan söyləyib.
“Bilmirəm ümumiyyətlə ona hesabat verirlər, yoxsa ölkədə baş verənlər barədə kimisə dinləyir? Deyə bilərəm ki, tamamilə reallıqdan uzaqdadır, qəhrəmanlarımızı nüfuzdan salmaqla təslim olmağı bacardı. İndi Ermənistanın sərhədlərini Azərbaycana vermək üçün sərhəd bölgələrindəki icmalarımızın rəhbərlərini təqib etməyə başlayıb. Təəccüblüdür ki, onları həbs cəzası nəzərdə tutulmayan axmaq maddələrlə həbs etdirir”, - Petrosyan qeyd edib.
General Paşinyanı “vətəni və müqəddəs dəyərləri olmayan adam” adlandırıb: “O, insanları evlərindən məhrum edir. Vorotan və Şurnuxda 12 ev türklərə verilməlidir, üstəgəl təzminat veriləcəyini söyləyir”.
Petrosyan hesab edir ki, Sünikdəki (Zəngəzur) demarkasiyadan sonra Geğarkunik və Tavuş bölgələrində bu proses davam etdirəcək:
“Artıq bu proses başlayıb. Əminəm ki, Paşi8nyan təkcə 9 bəndlik bir bəyanatı imzalamayıb, əminəm ki, ortada başqa razılaşmalar da var, hələlik şifahi danışırlar, amma düşünürəm ki, yazılı olanlar da var. Əminəm ki, bütün bunların nəticəsi olaraq beynəlxalq bir müqavilə imzalanacaq”.