“Nikol Paşinyanın ətrafında Milli Təhlükəsizlik Xidmətinə (MTX) zəng edib, müəyyən təlimat verə biləcəklərinə inanan insanlar var və MTX bu təlimatları yerinə yetirmək və onlara hesabat vermək məcburiyyətindədir. Mən bunu qəbuledilməz hal sayıram”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Mikael Ambarsumyan deyib.
MTX-nın sabiq direktoru müharibənin nəticələrinin əvvəlcədən razılaşdırıldığını iddia edib: “Baş nazirin susması bəzi şübhələri artırır. Paşinyan bu söz-söhbətləri təkzib etməli, eyni zamanda izahatlar verməlidir.
Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru ölkədəki daxili siyasi gərginliyin davam edəcəyi təqdirdə gələcəkdə ciddi qarşıdurmaların olacağını da istisna etməyib.
O, ölkənin təhlükəsizliyini gücləndirməyə yönələn təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Ermənistanda ölkənin təhlükəsizliyini təhdid edən ciddi problemlər toplanıb və bu problemlər yalnız hakimiyyət dəyişikliyi halında həll edilə bilər”.