Video əlavə olunub:
***
13:02
“Azərbaycan ordusuna qeyri-bərabər döyüşlərdə məğlub olduq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.
Jurnalistin “Demişdiniz ki, müharibə olarsa, erməni tərəfi hərbi əməliyyatları düşmən ərazisinə (Azərbaycan) keçirməlidir. Xüsusilə, ona diqqət çəkmişdiniz ki, lazım gələrsə, xüsusi bölmələrimiz düşmən xətlərinin arxasında xaos yarada bilər. Bəs bu, niyə baş vermədi?” sualına Tonoyan belə cavab verib:
“Hücum bölmələrinin yaradılması və düşmən ərazilərində əməliyyatlar aparılması üçün hazırlanmasına, silahlı qüvvələrimizi çoxfunksiyalı döyüş təyyarələri, müxtəlif dronlar və ultra dəqiq raket və artilleriya sistemləri ilə təchiz etməyə, habelə kəşfiyyat qabiliyyətini artırmağa və xüsusi təyinatlı qüvvələrin inkişaf etdirilməsinə ehtiyac vardı. Beşinci nəsil silahlardan istifadə edərək, irimiqyaslı müharibəyə hazırlaşmağa vaxtımız olmadı. Silahlı Qüvvələri inkişaf etdirməyə çalışırdıq, hələ yolun başındaydıq.
Təchizat işi xüsusən Silahlı Qüvvələrin bölmələrini avtomatik idarəetmə rejimində işləyə bilən və bölmələrin müstəqil işini təmin edə bilən mobil, müasir və yüksək dəqiqlikli silahlarla təchiz olunmasına yönəldilmişdi. Əminəm ki, bu formatda mübarizə aparmaqdan başqa alternativimiz yox idi”.
Tonoyan Ermənistan hakimiyyətini səriştəsizlikdə ittiham edib.
Sabiq nazir hesab edir ki, ordunu gücləndirmək üçün irəli sürdüyü təklifləri həyata keçirmək əvəzinə, səriştəsiz addımlar atan erməni siyasətçilərinin fəaliyyətləri Ermənistanın təhlükəsizliyinə təhdiddir: “Hər cəhətdən qeyri-bərabər qarşıdurmada uduzduq. Psixoloji cəhətdən yorucu olan bu siyasi kabusa son qoyulmalı və insanlara aşağılıq kompleksi təlqin etmək əvəzinə, səhvlər təhlil edilməli, öyrənilməli və işlənməlidir”.
Jurnalist David Tonoyana vaxtilə Azərbaycana qarşı yeni ərazi iddiaları ilə bağlı verdiyi açıqlamasını da xatırladıb.
Sabiq nazir iddia edib ki, bu, rəsmi Bakının verdiyi sərt açıqlamalara cavabdan başqa heç nə olmayıb.