Ermənistan Baş naziri Nikol Paşinyan İranın dini Əli Xameneyi və Prezident Həsən Ruhaniyə islam inqilabının 42-ci ildönümü münasibətilə təbrik məktubları göndərib.
Teleqraf.com xəbər verir ki, Paşinyan məktublarında İran və Ermənistanı “dost ölkələr” adlandırıb.
Baş nazir Xameneyiyə məktubunda bildirib ki, bölgədəki mövcud vəziyyət Ermənistan və İran xalqları arasındakı qarşılıqlı dostluq və hörmətə yeni məna və əhəmiyyət verir, bu da əməkdaşlığın daha da dərinləşməsinə təkan verir:
“Ermənistan iki ölkənin və bölgənin maraqları naminə dost İranla ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək əzmindədir. Zati-alinizə möhkəm cansağlığı və uzun ömür, dost İran xalqına sülh və tərəqqi diləyirəm”.
İran Prezidentinə təbrikdə qeyd olunub ki, Ermənistanla İran arasında çoxəsrlik dostluq və dərin tarixi ənənələr səmərəli qarşılıqlı fəaliyyət üçün ən yaxşı zəmindir. Paşinyan iki dövlətin maraqlarına uyğun regional layihələrin ən qısa müddətdə həyata keçirilməsinə ehtiyac olduğuna əmindir.