Daşnaksütyun Partiyası Ermənistan hakimiyyətinin Türkiyə ilə sərhədlərin açılmasına dair bəyanatına qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şovinist Daşnaksütyun Partiyasının açıqlamasında qeyd edilib.
Partiyanın mərkəzi şurası Ermənistan Xarici işlər naziri Ara Ayvazyanın “Qarabağda status-kvonun zorla dəyişdirilməsindən sonra Ankaranın Türkiyə-Ermənistan sərhədlərini blokda saxlamasının heç bir səbəbi yoxdur” bəyanatını əsassız sayıb.
Daşnaksütyun bu mövqeyi problemli hesab edir, düşünür ki, Ermənistan hakimiyyəti ikinci Qarabağ müharibəsindən sonra yaranan vəziyyətlə barışmaq istəyir.
Partiya Ayazyanın bu sözlərini Ermənistan hökumətinin Qarabağ ermənilərinin təhlükəsizliyinin “qarantı” kimi öhdəliyindən imtina etməsi kimi qiymətləndirir. Şübhələnir ki, hökumətin Ermənistanı blokadada saxlamaq üçün səbəb olmadığını söyləməklə “Soyqırımı” və “təzminat” məsələsini faktiki unutdurur.
Türkiyənin son müharibədə Azərbaycanı birmənalı dəstəklədiyini xatırladan daşnaklar həmçinin nazir Ayvazyanın diaspor strukturları ilə Ermənistan Xarici İşlər Nazirlyi arasında koordinasiyanın pozulması baxımından təhlükəli olduğu qənaətinə gəlir.
Bununla belə Daşnaksütyun Partiyasının ali şurası Xarici İşlər Nazirliyindən çevik və mövqeli fəaliyyət tələb edir.
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında sərhədlər 1992-ci ildən bağlıdır.
Son hadisələr konkteksində Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan bəyan edib ki, artıq Ankaranın Ermənistanı blokada da saxlaması üçün əsası yoxdur.