Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyan insanları “oyanmağa”, sabah keçirilən mitinqdə iştiraka çağırıb, əks halda Ermənistanın gələcəyinin Türkiyə və Azərbaycanın əlində olacağını bildirib.
Teleqraf.com xəbər verir ki, “Vətənin Xilası” Hərəkatı sabah saat 15:00-da İrəvanın Azadlıq meydanında mitinq təyin edib.
Hərəkatın lideri Manukyan erməni vətəndaşlarını mitinqdə iştirak etməyə çağırıb.
Hərəkatın Feysbuk səhifəsində yayımlanan Manukyanın açıqlamasında rəsmilərin Sünik bölgəsində vəziyyətin mediada yayımlanmasını məhdudlaşdırdığı, Ermənistanın əleyhinə olaraq bölgədə sərhəd və rabitə ilə bağlı gizli sənəd imzalandığı iddia edilir.
Müxalifət lideri bəyan edib ki, Ermənistan ərazisi hər keçən gün daha da azalır: “Mövcud hakimiyyət orqanlarına xidmət edən polis əslində Azərbaycan və Türkiyəyə xidmət edir. Ölkənin taleyini təyin edən sizsiniz. Hər kəsi fevralın 12, saat 15:00-da Azadlıq meydanında toplanmağa və bundan sonra atacağımız addımla bağlı qərar verməyə çağırıram.
“Xalqı oyanmağa və ölkəmizin gələcəyini öz əllərinə almağa çağırıram, əks halda Türkiyə və Azərbaycan bunu Ermənistanın indiki hakimiyyətinin köməyi ilə edəcək”,-Vazgen Manukyan bəyan edib.
Xatırladaq ki, bu gün erməni mediasında Gorus-Qafan yolunun David Bek kəndindən keçən hissəsinin təhlükəsizliyinə dair sənəd imzalandığı, bu sənədə görə, yolun rus əsgərlər tərəfindən mühafizə ediləcəyi haqda xəbərlər yayılıb.