16 Fevral 2021 09:14
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, bir neçə gün əvvəl Xankəndində rus sülhməramlılarının komandanı general Rüstəm Muradovun iştirakı ilə müzakirələr aparılıb. Həmin müzakirələrdə Xankəndindəki ermənilərin sözdə “lideri” Araik Arutyunyanın da iştirak etdiyi haqda məlumatlar yayılıb. Bu təması həmin ərazilərdə süverenliyinin bərpası istiqamətində ilk addım saymaq olarmı?

- Bu istiqamətdə Azərbaycan hökuməti işlər görür və səylərini artıracaq. Sadəcə olaraq mən həmin görüşü xüsusi şişirtməzdim. Ehtimalıma görə, həmin görüşdə praktik məsələlər müzakirə olunub. Bu, daha çox I Qarabağ müharibəsi zamanı bizim vətəndaşların, hərbçilərin cəsədlərinin qaytarılması məsələsi ilə bağlı ola bilər. Onlar 30 il o tərəfdə qalıblar. Nəzərə alsaq ki, görüşdə general Muradov da iştirak edib, deməli, bizim üçün daha çox onunla müzakirələr vacibdir, nəinki separatçılarla.

Biz onları cinayətkar sayırıq, amma orada hansısa formada idarəetmə var. Məncə, praktiki məsələlərlə bağlı kontaktların olması qaçılmazdır. Bunu da başqa formada qələmə vermək yanlışdır. Rus sülhməramlılarla kontaktlar qaçılmazdır. Çünki burada praktiki məsələlər müzakirə edilir.

- Birgə Monitorinq Mərkəzinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Monitorinq Mərkəzi işə başlayıb. Bəli, bir ay əvvəl avtomobil kolonunun qarşısının sülhməramlılar tərəfindən dayandırılmasını nəzərdə tutursunuzsa, bu məsələ həllini tapdı. Baxın, məhz xaricdən Qarabağa gəlmək istəyənlərin qarşısı Azərbaycan tərəfindən alınır. Bu kimi fəaliyyət Monitorinq Mərkəzinin məhsulu deyil. Eləcə də Azərbaycan avtomobil kolonlarının ermənilərin yaşadığı ərzilərdən təhlükəsiz şəkildə keçirmək, təmin etmək Monitorinq Mərkəzinin fəaliyyətinə daxil deyil. Mərkəzin əsas fəaliyyəti atəşkəs və sülh şəraitinin qorunub saxlanılmasıdır. Bu proses də gedir. Həm də hansısa məqamda sülhməramlıların erməni hərbi qruplarına göz yumması şübhəsi yarana bilərdi. Türkiyənin orada olmağı belə məsələləri mümkünsüz edir.

- Regionda kommunikasiyaların açılması üçün dialoq mühiti var. Bir neçə gün əvvəl onlayın formada daha bir toplantı keçirildi. Martın 1-nə qədər kommunikasiyalarla bağlı layihələrin hazır olacağı haqda fikirlər var. Sizin gözləntiləriniz nədir?

- Elə məsələlər var ki, vaxt tələb edəcək. Ancaq qərarlar indidən verilməlidir. Məsələn, söhbət Araz boyu gedən və Mehridən keçən əvvəlki dəmir və şose yoldan gedir. İndi deyirlər ki, bu yolun bərpası üçün azı 2 il vaxt tələb olunacaq. Yolun uzunluğu 120 kilometrdir ki, bunun da 45 kilometri Mehri hissəsidir. Naxçıvanda da bu istiqamətdə yol 30 ilə yaxındır ki, istifadə olunmurdu. Yol istifadə olunmayanda da xarab olur. Bu da bərpa-təmir işləri tələb edir. Bütün bunları nəzərə alanda ortaya çıxır ki, yolun bərpası və işlək vəziyyətə gətirilməsi vaxt tələb edəcək.

Ancaq ayrı imkanlar da var ki, istifadə etmək olar. Nəzərə alsaq ki, Naxçıvanın İrana yolu işləkdir, qatarlar burada işləyirdi. Elə yollar olub ki, son 30 ildə istifadə edilməyib, amma tam da dağılmayıb. Məsələn, Qazax-İcevan yolu. Bu yolun vəziyyəti necədir, oranı qısa müddətdə düzəltməklə Ermənistan ərazisindən keçərək Naxçıvan daxil olmaq mümkün olarmı ya yox? Bunlar yol üzrə mütəxəssislərin deyə biləcəkləri sözlərdir. Amma mən düşünürəm ki, işlər paralel gedəcək. Bir tərəfdən, strateji xətt olan Araz boyu-Horadiz-Mincivan-Mehri-Culfa yolunun bərpa olunması. Eyni zamanda SSRİ zamanı paralel yol olan Naxçıvan-Şahbuz-Sisiyan-Gorus-Laçın və sonradan Şuşaya keçən yol. Yəni Naxçıvandan Bakıya gələn bir yol da bu idi. Bəlkə də rus sülməramlıları Sisian-Gorus xəttini nəzarətə götürüb təhlükəsizliyi təmin etməklə Naxçıvana yol yayda açıla bilər.Hər halda bu da mütəxəssis yanaşması tələb edən məsələdir. Mən bilmirəm, Mehridən keçən yolu indi istifadə etmək mümkündür ya yox? Əlbəttə, bu işlərlə mütəxəssislər məşğul olur. Mənim fikrimcə, bu istiqamətlərdə qərar verilməklə işlər başlanılacaq, ancaq onun tamamlamağını gözləmədən, hansı yolların insanların istifadəsinə vermək üçün qısa müddətdə mümkün olması, həmin yollarda təmir işlərinin aparılması və bu yolların təhlükəsizliyinin təmin edilməsi məsələsi də gündəmdə olacaq. Qənaətimcə bu iki istiqamətdə paralel olaraq işlər gedəcək.

- Qarabağın ermənilər yaşayan hissəsində hazırda yaşayış şəraiti necədir?

- Hələlik bizim üçün daha vacibi işğaldan azad olunan ərazilərdə infrastrukturun yaradılması, şəraitin qurulması və insanlarımızın ora qaytarılmasının təmin edilməsi məsələsidir. Şuşa, Füzuli, Laçın və digər rayonlarımızda bu işləri görək. Amma paralel olaraq bəzi məsələləri də həll etmək olar. Məsələn, Sərsəng su anbarı zamanında suvarma üçün nəzərdə tutulmuşdu. Ora qışda su toplanılmalı, yayda isə su axıdılmalı idi. Amma ermənilər üçün qışda elektrik təlabatı daha çox olduğundan bunlar qışda suyu buraxırdılar, bu bizim əkin yerlərimizə ziyan vururdu, yayda isə əkin üçün lazım olan su olmurdu. Sözsüz ki, bu məsələyə diqqət edilməlidir. Biz qeyd edirik ki, Yevlax-Bərdə-Ağdam dəmir yolunu bərpa edirik. Əslində bunun Xankəndinə qədər uzadılması lazımdır. Çünki sovet dövründə Xankəndinə bu dəmir yolu gedirdi. Düşünürəm ki, bu məsələlərdə nəzərdən keçirilir. Birinci növbədə burada rus komandanlığı da maraqlıdır, çünki bütün daşınmalar bizdən keçir. Amma bütün bunlar addım-addım həyata keçiriləcək. Bu gün bizim üçün daha vacibi Ağdam, Şuşa, Füzulinin və azad edilən digər yerlərin bərpası, sərhədlərimizin möhkəmləndirilməsi, minalardan təmizlənməsidir. Bu daha önəmli məsələdir.

- Belə aydın olur ki, Prezident İlham Əliyevin şəxsən işğaldan azad olunan ərazilərə səfər etməsi həm də bərpa, infrastruktur layihələrinin tez bir zamanda başladılması ilə bağlıdır...

- Bəli, Prezident baxır, real vəziyyətlə tanış olur. Çünki indi bir çox işlər layihələşdirməyə gedir. Həmin rayonlarımızda inzibati qurumlar yaranır, polis, Sərhəd Qoşunları yerləşdirilir. Bizim əsgərlərimiz oralarda çadırlarda və ya dağıdılmayan bina əgər varsa, orada yerləşir. Ancaq biz orada möhkəm dayanmalıyıq. Odur ki, bizim orada sərhədçilərimizin və qoşunlarımızın yerləşdirilməsi üçün işlər görülməlidir. Paralel olaraq şəhərlərin bərpası üçün layihə işləri də aparılır. Oralara elektrik enerjisi, qaz verilməli, yollar düzəlməlidir. Bütün işlər həyata keçiriləcək.

- Azərbaycanın qəti addımları ilə paralel olaraq Ermənistanda ictimai-siyasi proses və atmosferin hansı istiqamətdə inkişaf edəcəyi də maraq kəsb edir. Artıq Köçəryan Moskva səfərindən qayıdaraq siyasətlə məşğul olacağını elan etdi, hazırda Çarukyanın Rusiyaya səfəri gözlənilir, sabiq prezident Sərksiyan da fəallaşmağa başlayıb. Ermənistanda iqtisadi-siyasi ab-hava nədən ibarətdir və inkişaf ssenariləri hansı istiqamətdə ola bilər?

- Hamı deyir ki, Ermənistanda yayda parlament seçkilərinin keçirilməsi qaçılmazdır. Və buna hazırlıq gedir. Fərz edirəm ki, Moskvaya gedən müxalifətçilərə deyiblər ki, əgər gücünüz varsa, seçkilərdə Paşinyanı udun. Düşünmürəm ki, orada kimisə süni şəkildə hakimiyyətə gətirmək planları olsun. Əvvəla bu nəyə lazımdır, niyə başlarını ağrıdırlar? Paşinyan da seçkilərdən qalib çıxarsa, buyurub işləsin. Hər bir halda arzu edilir ki, parlamentdə Köçəryan və tərəfdarları, elə Sərkisyan və tərəfdarları da olsun. Yəni onlar Paşinyanı cilovlamaq imkanlarında olsunlar. Amma seçki olacaqsa, "kim uddu o da qalibdir" məsələsi ola bilər.

- Sərksiyan və Köçəryanın bir yerdə hərəkət etdiyi bildirilsə də, müşahidələr göstərir ki, onlar ayrı-ayrı yolla gedirlər. “Qarabağ” klanında parçalanma varmı?

- Bəli, onlar bir yerdə deyillər. İkisi də “Qarabağ” klanı adlandırılır, amma hər biri öz oyununu oynayır. Mənim düşüncəmə görə, onların seçkilərdə qalib gəlməsi qeyri-mümkündür. Amma istisna etmirəm ki, lazımi səs topladıqları halda parlamentə düşsələr və hakimiyyəti götürmək üçün real şansları yaransa bunu birlikdə edərlər. Sadəcə bu indidən real görünmür. Bəli, Paşinyan seçkilərə gedəcəyi təqdirdə müəyyən qədər səs itirəcək. İndiki kimi parlamentə üçdə ikidən çox mandatla nəzarəti olmayacaq. Ancaq onun meydanı Köçəryan-Sərksiyana verəcəyi də inandırıcı deyil. Ermənistan əhalisinin əksəriyyətində bu cütlüyə nifrət dəstəkdən qat-qat çoxdur.

- Vazgen Manukyan da öz oyununu oynayır?

- Onu önə veriblər. Əslində hamı anladı ki, onun şansı yoxdur. Özü də demişdi ki, müvəqqətidir və hamını qane edir, iddialarım da böyük deyil. Onu müdafiə edən koalisiya da müvəqqətidir və artıq göründü ki, onlar Paşinyanı yıxmaq imkanında deyillər.

- Ermənistanda siyasi elitaya dini təsirin güclü olduğunu nəzərə alsaq, kilsə hansı qüvvəni müdafiə edir?

- Kilsənin mövqeyinə görə, Paşinyan hakimiyyətdən getməlidir, amma digər qüvvələrə də açıq dəstək vermirlər. Amma deyirlər ki, Paşinyan məğlub olduğundan məsuliyyəti üzərinə götürüb getməlidir. Bunu Prezident Sərksiyan da deyir. Lakin bu birmənalı olaraq erməni xalqının fikri deyil. Anlayırlar ki, hakimiyyətə təzə gələnlər əslində köhnə komandadır və onlar qisasdan başqa heç nə vəd etmirlər.

- Ermənilər hər zaman diaspora qurumları ilə qürrələniblər. İndi dünya erməni diasporu Ermənistanda hakimiyyətdə kimi görmək istəyir?

- Diaspora vahid deyil. Daşnaklar Paşinyana qarşıdır. Amma orada qərbpərəst qüvvələr də var və düşünürlər ki, Paşinyana dəstək vermək lazımdır. Yəni onlar anti-Rusiya mövqedədirlər. Bir var Rusiyada olan erməni diasporası, bir də var ABŞ və ya Fransada olanlar. Onlarda Qarabağ və Türkiyəyə münasibət eynidir, amma hansı siyasət olmalıdır, Ermənistan hansı istiqamətdə getməlidir məsələsinə fərqli yanaşma var. Avropa və ABŞ-dakı erməni diasporası hesab edir ki, Ermənistan Rusiyadan məsafə saxlamalı, Gürcüstan yolunu seçməlidir. Onsuz da indi Qarabağ əldə gedib. Rusiyada olan diaspora isə hesab edir ki, Ermənistan Moskva ilə birlikdə olmalıdır. Belə koordinal mövqe fərqi var.

Məncə, Paşinyan seçkilərə getdiyi halda düzgün xətt tutsa, bir növ Levon Ter-Petrosiyanın zamanında dediyi çağırışlara söykənsə, uğur əldə edə bilər. Düşünürəm ki, bu müharibədən sonra erməni əhalisinin böyük hissəsi ağıllanıb və reallığı anlayırlar. Paşinyan bu xətti tutacağı təqdirdə parlamentə böyük fraksiya ilə daxil olması mümkündür. Üstəlik orada ayrı qüvvələr də var. Edmon Manukyan və digər qüvvələrlə Paşinyan koalisiyaya gedə bilər. Azı 25-30 faiz səs ala bilərlər. Digər qüvvələrin də ən yaxşı halda təxminən bu qədər səs alacağını nəzərə alsaq, Paşinyanın manevr etmək şansları qalır. Amma bu daha çox Paşinyanın indiki dövrdə özünü necə aparmasından, habelə iqtisadi vəziyyətdən də asılıdır. Bütün hallarda yayda Ermənistanı ciddi siyasi mübarizə, qarşılıqlı ittihamlar və çəkişmələr gözləyir.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər