16 Fevral 2021 21:12
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Elçin müəllim, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan “ArmnewsTV”yə geniş müsahibə verib. Onun birdən-birə susqunluğu pozmasını, ortalıqda peyda olmasını necə qiymətləndirirsiniz?

– Əvvəla, Serj Sərkisyan qeyd etdiyiniz kimi xeyli müddətdir nə partiyasının tədbirləri ilə, nə də bütövlükdə Ermənistanın daxili və xarici siyasəti ilə bağlı hər hansı ciddi açıqlamalar vermirdi. Əslində bu müsahibədən öncə Sərkisyanın atdığı başqa bir addım var ki, diqqəti xüsusilə ona yönəltmək lazımdır. Düşünürəm ki, onun etiraz aksiyaları keçirən gənclərin çadırını ziyarət etməsi, onlarla birlikdə olduğunu nümayiş etdirməsi əslində Sərkisyanın aktiv şəkildə siyasətə qoşulduğunun və kimin, hansı qüvvələrin yanında yer aldığının nümayişi idi. Müsahibə bu revanşın davamı kimi qəbul olunmalıdır. İndiki şəraitdə Ermənistanda fəal şəkildə siyasi proseslərdə iştiraka cəhd göstərən müxtəlif qüvvələr var. Bunlardan biri keçmiş prezident Robert Köçəryandır. Baxmayaraq ki, hər iki tərəf arasında ümumi baxış bucaqları eynidir, amma Sərkisyanın hakimiyyyətinin sonuna yaxın Köçəryanla Sərkisyan arasında xarici siyasət müstəvisində müəyyən qədər dəyişikliklər baş vermişdi. Bu, daha çox Sərkisyanın Avropa İttifaqı ilə bağlı manipulyativ davranışları, eyni zamanda Aİ ilə münasibətləri prioritet istiqamətə keçirmək cəhdləri ilə bağlı idi. Buna Köçəryan tərəfindən hər hansı reaksiya verilməsə də qəbul edilmirdi. Çünki Robert Köçəryanın konkret bir istiqaməti, baxış bucağı var. Bu da Ermənistanın bütövlükdə Rusiyanın nəzarəti altında olmasından, hətta faktiki olaraq bir əyalətinə çevrilməsindən ibarətdir. Bu aspektdən də onların arasında indiki şəraitdə müəyyən fikir ayrılıqları var, amma proseslərdə müəyyən mərhələyədək paralel iştirakları gözləniləndir.

Mənim qənaətinə görə, Sərkisyanın da, Köçəryanın da Ermənistandakı daxili proseslərdə iştirakını aktivləşdirən mərkəzlər, yaxud mərkəz faktiki olaraq bütün qüvvələrin öz əlində olmasını arzulayır. Yəni növbədənkənar seçkilər olacaqsa, orada iştirak edəcək bütün qüvvələrin öz nəzarəti altında olmasını düşünür. Çünki Paşinyanın hakimiyyətə gəlməsi ilə bağlı baş verən proseslərdən nəticə çıxarılıb. Bu aspektdən də bütün siyasi qüvvələrin faktiki olaraq yalnız Rusiya faktorundan asılı olması indiki şəraitdə daha qabarıq şəkildə görünməkdədir. Bu baxmdan düşünürəm ki, Sərkisyan siyasi proseslərə alternativ oyunçu kimi qatılıb, yaxud onun qarşısına alternativ oyunçu kimi iştirak etmək hədəfləri qoyulub. Köçəryanın tam Rusiyapərəst mövqe nümayiş etdirən siyasətçi kimi, Sərkisyanın Rusiya və Avropa İttifaqı arasında qismən balans yaratmağa çalışan siyasətçi kimi, digər revanşist qüvvələrin isə bütövlükdə erməni faşist ideologiyasının daşıyıcıları kimi toparlanması nəzərdə tuutlub. Amma bütün bu qüvvələr vahid mərkəzdən idarə olunurlar. Sadəcə, Ermənistanın daxili siyasətində fors-major halların yaşanmaması üçün ortaya atılan qüvvələrdir.

– Sərkisyan bildirir ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın xahişi ilə döyüşü dayandırıblar. Halbuki elə Robert Köçəryan özü bir neçə gün öncə demişdi: "2016-cı ildə o vaxtkı hakimiyyət döyüşləri dayandırmağı bacardığı kimi indiki hakimiyyət də müharibəni ilk günlərdə dayandırmağı bacarmalı idi..."

– Əslində bu fikirlər içərisində qismən Köçəryanın həmin açıqlamasına cavab var. Çünki Azərbaycan tərəfi bəyan edir ki, müharibədə Köçəryan-Sərkisyan ordusu məğlub edilib. Belə ki, Paşinyan qısa müddətdir hakimiyyətdədir. Onun ordu quruculuğu ilə məşğul olmağa prinsip etibarilə vaxtı da yox idi. Çox güman ki, Sərkisyan Köçəryanın məhz həmin açıqlamasını nəzərdə tutaraq məlum fikri səsləndirib. Amma gözünün içinədək yalan danışıb. Çünki Ermənistanın, o cümlədən bütövlükdə dünya siyasətinin ən şəxsiyyətsiz simalarından biri olan Sərkisyanın yalvarışları hamının yadındadır. Ermənistan mediasının, ekspertlərinin göz yaşlarını hər kəs xatırlayır. Ermənistanın özündə də hər kəsə bəllidir ki, Sərkisyan yalan danışır. 2016-cı ildə Ermənistanın Rusiya və Azərbaycana yalvarışları nəticəsində hərbi əməliyyatlar dayandırılmışdı.

– Serj Sərkisyan hər hansı “Lavrov planı”nın mövcud olmadığını bildirib. Deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təkliflərindən ibarət plan yox idi. Söhbət, sadəcə, Kazanda müzakirə edilmiş variantın təkmilləşmiş formasından gedirdi. O da Madrid prinsiplərinə əsaslanırdı...

– Yenə də gözünün içinədək yalan danışır. O, şəxsiyyətsiz bir obrazdır. Ən azı Ermənistanın siyasətində Levon Ter-Petrosyan faktoru var. Baxmayaraq ki, Ter-Petrosyan Azərbaycan torpaqlarının işğalı prosesində iştirak edib, amma ən azı cinayət əməllərini də etiraf edir. Yanaşma tərzi də eynidir, ardıcıldır. Siyasi proseslərdə şəxsiyyətini qismən də olsa, qoruyub saxlaya bilib. Bu isə ən şərəfsiz qatil, cinayətkardır. Hərbi canidən, uşaq qatilindən bundan artığını gözləmək də mümkün deyil. Bu mənada o növbəti yalanını danışıb. Vəssəlam. Buna başqa ad vermək mümkün deyil. Çünki bunun izahı yoxdur.

– Amma faktı necə təhrif etmək olar?

– Faktın təhrif olunması göz önündədir. Məsələ ondadır ki, “Lavrov planı” haqqında Rusiyanın xarici işlər naziri özü məlumat verib. O, bu gün də vəzifədədir. Sərkisyan kimi sabiq deyil ki, onun fikirlərinin təhrif edilməsi istiqamətində hansısa mülahizələr səsləndirilsin. “Lavrov planı” ortada olub. Bununla bağlı görüşlər keçirilib, açıqlamalar, bəyanatlar verilib. Hətta Serj Sərkisyan özü belə planın adını “Lavrov planı” qoymasa da ən azı Madrid prinsiplərinə yeni baxış müstəvisində bu fikirlər Ermənistan tərəfindən dəfələrlə səsləndirilib. Yəni bu faktiki olaraq həm Rusiyanın rəsmi mövqeyinin təkzib olunması, həm də təkcə Serj Sərkisyanın yalanı deyil, eyni zamanda Rusiyanın xarici işlər nazirinin, Rusiyanın rəsmi şəxslərinin yalan danışdığının iddia edilməsidir. Mən düşünürəm ki, bu məsələyə həm də Rusiya aydınlıq gətirməlidir.

– Serj Sərkisyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “gizli danışığı”nın yayılması məsələsinə də münasibət bildirib. Sərkisyan guya bu müzakirənin 2016-cı ilin aprel döyüşlərindən sonra, payız aylarında baş tutduğunu bildirir və heç bir öhdəlik götürmədiyini sübut etməyə çalışır...

– Lukaşenko ilə Sərksiyan arasında olan səs yazısı imitasiya da ola bilər. Yəni tərəflər öz aralarında digər məsələlərdən danışa bilərlər. Tamamilə həqiqətəuyğun olmayan yanaşmadır. Ola bilsin ki, Sərkisyan öz arzularını ifadə edib, dilə gətirib. Amma onun nəinki 5 milyard, heç beş qəpik də dəyəri yoxdur. Nə onun şəxsiyyətinin, nə də onun siyasi hakimiyyəti dövründəki mövqeyinin.

– Həmin vəsait guya torpaqların azad olunması müqabilində verilməli imiş...

– Bu kimi fikirlər mütəmadi olaraq Ermənistan tərəfindən səsləndirilib. Yəni Ermənistan mediasında bu məsələlərlə bağlı müzakirələr aparılıb, mesajlar verilib. Hətta daha böyük rəqəmlərdən bəhs olunub. Amma ortalıqda bunu təsdiq edə biləcək hər hansı bir fakt yoxdur. Hətta olsa belə prinsip etibarilə buna görə Azərbaycan tərəfini kimsə ittiham edə bilməz. Yəni prinsipcə, Azərbaycan işğala son qoymaq üçün ən müxtəlif vasitələrə əl ata bilərdi. Eyni zamanda burada 5-6 milyarddan söhbət gedirsə, bunun ola bilsin, ehtimal ki, Ermənistanın hansısa layihələrdə iştirakının təmin olunmasından, kommunikasiyalar bərpa olunduqdan sonra atılacaq addımlardan ibarət olması mümkündür. Amma yenə deyirəm, ortalıqda bunu təsdiq edə biləcək heç bir fakt yoxdur. Lukaşenko ilə Sərkisyan arasında danışıldığı ehtimal olunan məsələlərlə bağlı da istənilən iddialar ortaya atmaq olar. Amma bu faktın özü öz təsdiqini tapmayıb və nəticə etibarilə həmin səs yazısının doğruluğu da sübut olunmayıb.

Digər tərəfdən əgər belə bir fakt olubsa belə bu, Azərbaycanın proseslərə sırf humanizm prinsipləri ilə yanaşdığını subuta yetirən bir hal kimi qiymətləndirilə bilər. Yəni Azərbaycan öz vətəndaşının, öz hərbçisinin dəyərini bilir və heç bir maliyyə itkisi Azərbaycan üçün insan itkisindən üstün deyil. Yenə deyirəm, əgər belə bir hal baş veribsə, məsələyə humanizm kontekstindən yanaşmaq mümkündür. Amma bir daha qeyd etmək istəyirəm ki, ortada bu faktı təsdiqləyəcək hər hansı sübut yoxdur. Digər tərəfdən Azərbaycan Ermənistanı işğala son qoyulması ilə bağlı dəfələrlə xəbərdar etmişdi. Ancaq Ermənistanın radikal mövqeyi, qeyri-konstruktiv davranışları və işğalçılıq siyasətinin davam etdirilməsi nəinki sülh anlaşmasının əldə olunmasına, hətta atəşkəs rejiminin sabitliyinin təmin olunmasına imkan vermirdi. Belə olan təqdirdə Ermənistana hər hansı təklifin verilməsi də məntiqsiz görünür.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər