Ermənistan Qarabağda müharibənin əsas mərhələsində qisas qorxusundan “İskəndər” əməliyyat-taktiki komplekslərindən istifadə etmədi.
Publika.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan “Armnews” telekanalına müsahibəsində bildirib.
Sərkisyan qeyd edib ki, əldə etdiyi etibarlı məlumata görə, “İskəndər”lərdən yalnız müharibənin sonunda istifadə edilib və onlardan Şuşaya doğru atəş açılıb: “Bəs niyə Azərbaycan ərazisinə zərbələr endirilmədi? Onların cavab zərbəsindən qorxduqlarını düşünürəm. “İskəndər” müharibənin dördüncü və ya beşinci günündə - Azərbaycanın Horadizə və digər ərazilərə çox sayda canlı qüvvə topladığı zaman istifadə olunmalı idi”.
Onun sözlərinə görə, “İskəndər” bunun üçün nəzərdə tutulub. Sərkisyan neft və qaz infrastrukturunun niyə uzunmənzilli silahlarla vurulmadığını da anlamır: “Mən demirəm ki, ilk hədəf boru kəməri olmalı idi. Amma nəticədə bu raketləri niyə aldıq? Onları lazımi vaxtda istifadə etməmək üçün? “İskəndər”lər bizimdir, müttəfiqin bu cür silahlar verdiyi ölkə yalnız bizik”.