“Bəyanatları və mövqeyi ilə “Maariflənmiş Ermənistan” Partiyasının sədri Edmon Marukyan kapitulyator - Baş nazir Nikol Paşinyandan fərqlənmir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının funksioneri, parlamentin keçmiş deputatı Karine Açemiyan deyib.
Nikol Paşinyandan sonra “Maariflənmiş Ermənistan” Partiyasının və parlamentdəki eyni adlı fraksiyanın sədri Marukyanı da ittiham edən Serj Sərkisyanın nümayəndəsi iddia edib ki, Marukyan əslində Paşinyanın parlamentdəki dəstəyidir.
Xatırladaq ki, Edmon Marukyanın son bəyanatı Serj Sərkisyan və komandasına əsl şok olub.
Serj Sərkisyanın son müsahibəsində onun dövründə bəzi rayonların Azərbaycana qaytarılması məsələsinin müzakirə edildiyini bildirməsindən sonra Marukyan ona ciddi suallar ünvanlayıb.
“Bu ərazilər Azərbaycana qaytarılacaqdısa, vətəndaşların vergiləri, diasporadan gələn ianələr niyə xərclənməliydi? Biz o qədər varlıyıq ki, kimin üçünsə şəhər və kəndlər salırıq? Laçın və Kəlbəcər rayonlarında biznes üçün yüz milyonlarla dollarlıq kreditlər ayrılıb. Əgər bu rayonlar onsuz da Azərbaycana veriləcəkdisə, onlar üçün dövlət qarantiyalı nəhəng kreditlər niyə götürülürdü? Əgər paralel olaraq rayonların 5+2 formulu üzrə verilməsi barədə danışıqlar gedirdisə, bu xərclər nəyə lazım idi?”.
Karine Açemiyan isə buna cavab olaraq deyib ki, deputat olduğu 10 il ərzində indiki hakimiyyətin etdiyi kimi heç vaxt dövlət büdcəsi hesabına Qarabağa getməyiblər:
“Əksinə, özümüz ora yardım gətirdik. İndi hakim qüvvənin mövcud davranışı Qarabağı yad ərazi kimi qəbul etdiklərinə dəlalət edir. Biz indiki hökumət kimi heç vaxt dövlət büdcəsi hesabına ora getməmişik”.