“Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın hakimiyyəti Nikol Paşinyana ötürməsi ilə bağlı ittihamlar əsassızdır”.
Teleqraf.com xəbər verir ki, bunu Respublikaçı Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
Şarmazanov çevrilişdən əvvəl – 2018-ci il aprelin 13-də Sərkisyanın o zaman baş nazir olan Karen Karapetyanın hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürdüyünü söyləyib:
“İstefanın ertəsi günü partiyanın icra şurasının iclası çərçivəsində Sərkisyan və Karapetyan görüşdü. Sərkisyan istefanın səbəblərindən danışaraq qan tökülməsini istəmədiyini, Karapetyanı rəhbər olaraq gördüyünü dedi. Sonuncusu bu təklifi qəbul etdi.
Bundan sonra ikinci mərhələ, “inqilab” adlanan faciə başladı. Nikol Paşinyan meydanda ya baş nazir olacağını, ya da Ermənistanın ümumiyyətlə baş naziri olmayacağını bildirdi. Birinci mərhələdə əsas vəzifə nəyin bahasına olur-olsun Sərkisyanı aradan qaldırmaq idisə, ikinci mərhələdə bu “rəngli inqilab”ın müəllifləri Karapetyanı oyundan kənarlaşdırmaq üçün hər şeyi etdilər”.
Şarmazanovun iddiasına görə, Karapetyan toqquşmalara səbəb olmamaq üçün namizədliyini irəli sürməməyə qərar verib.
O, həmin dövrdə Paşinyanın Ermənistanda idarəolunmaz vəziyyət yaratdığını deyib.
Qeyd edək ki, bundan əvvəl Serj Sərkisyan 3 il əvvəl baş nazir postundan istefa verdikdən sonra hakimiyyəti etirazların lideri Nikol Paşinyana yox, Karen Karapetyana ötürdüyünü söyləyib. Bu arqumentlər Ermənistanda çoxları üçün inandırıcı görünmür. Sərkisyan əleyhdarlarının əsas arqumenti onun rəhbərlik etdiyi Respublikaçı Partiyasının parlament fraksiyasının Paşinyanın namizədliyinə səs verməsi ilə bağlıdır. Bir çoxları Sərkisyanın sözlərini məsuliyyətin bir hissəsini Karapetyana yükləmək cəhdi kimi qiymətləndirirlər.