“Silahlı Qüvvələrin bütün elitası müharibədə Ali Baş Komandan vəzifəsini tutan adama inamsızlığını açıq şəkildə ifadə etdikdə, iki çıxış yolu var: ya bütün zabit korpusunu dəyişdirin, ya da sarsıntı olmadan istefa verin”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib.
“Üçüncü seçim yoxdur. Xüsusilə dövlətin həqiqi hərbi təhdidlə üzləşdiyi şərtlərdə...”, - Sərkisyan qeyd edib.
Ermənistan müdafiə idarəsinin keçmiş rəhbərinin sözlərinə görə, ordunu komandansız qoymaq, ölkəni qaçılmaz məğlubiyyətə aparmaq deməkdir.
Vigen Sərkisyan hesab edir ki, hərbi elitanın bəyanatında bir çevriliş işarəsi yoxdur: “Çevrilişi edənlər əvvəl deyil, ölkənin liderini devirdikdən sonra açıqlamalar verirlər”.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı dünən siyasi rəhbərliyin dövləti təhlükəli istiqamətə apardığını iddia edərək, Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Paşinyan bundan sonra baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.