“Ermənistan Prezidenti Armen Sərkisyan Baş Qərargahla münasibətdə bir növ tələyə düşdü. Konkret siyasi qərarlar verə bilmir, çünki həm səlahiyyətləri son dərəcə məhduddur, həm də ona qarşı bir sıra dəlillər istifadə edilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Norayr Dunamalyan deyib.
“Mənə elə gəlir ki, baş qərargah rəisi Onik Qasparyanın vəzifədən kənarlaşdırılmasına yol açmaq üçün ona qarşı kompromat materiallardan istifadə olunur”, - Dunamalyan bildirib.
Ekspertin iddiasına görə, bu dəlillərə görə prezident Baş nazir Nikol Paşinyanın tələbini nə tam rədd edə, nə də qəbul edə bilir.
Onun sözlərinə görə, Konstitusiyaya uyğun olaraq prezidentin səlahiyyətləri formal və məhduddur, üstəlik son vaxtlar prezidentin digər bir sıra funksiyalarını daha da məhdudlaşdıran yeni qanunlar qəbul edilib:
“Digər tərəfdən, Armen Sərkisyan 2018-ci ildən bu yana bitərəf mövqe tutmağa və bütün siyasi oyunlardan üstün olmağa çalışır. Bu gün onun siyasi manevr üçün imkanları çox məhduddur.
Prezident Qasparyanın istefası ilə bağlı sərəncam imzalayarsa, müxalifətin çoxsaylı tənqidləri ilə qarşılaşacaq, imzalamasa, Paşinyanla qarşıdurma yaranacaq. Vəziyyətin incəliyini dərk edən Sərkisyan məsuliyyəti digər qurumlara verməyə çalışır".