11 Mart 2021 13:38
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşları əsasən hakim partiyanı və hökuməti müdafiə edir və ölkədə sosial-iqtisadi islahatların həyata keçirilməsini arzulayır.

Teleqraf.com xəbər verir ki, bunu sorğunun nəticələrini şərh edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, sorğuda iştirak edən Ermənistan vətəndaşlarının 97%-i “Hökumət atəşkəs haqqında 10 noyabr bəyanatından sonra nə etməlidir” sualına “diqqəti ölkənin daxili problemlərinin – iqtisadi, siyasi və sosial məsələlərin həllinə yönəltməlidir” cavabını verib:

“Ermənilərin 11%-i işsizliyi, 12%-i siyasi sabitliyin olmamasını, 8%-i isə hərbi sahədə islahatları ölkənin əsas problemləri sırasında görür. Qeyd edim ki, sorğuda iştirak edənlər Qarabağın adını yalnız “Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərinə təhlükəsizlik şəraitdə qaytarılması” kontekstində xatırladıblar”.

Elçin Mirzəbəyli qeyd edib ki, sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşları hazırda Azərbaycan ərazilərində spekulyativ tör-töküntüləri qalmış separatçı, qondarma rejimin “mövcudluğunu” ölkənin nəinki əsas, hətta ikinci, üçüncü dərəcəli problemləri sırasında görmür:

“Ermənilərin 33%-i növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə hakim partiyaya səs verəcəyini bildirib. Bu sualla bağlı ikinci sırada 3% səslə “Çiçəklənən Ermənistan” partiyası yer alıb. Sorğuda iştirak edənlərin 29%-i baş nazirin fəaliyyətini “çox yaxşı”, 25%-i isə “yaxşı” qiymətləndirib”.

Ekspert daha sonra deyib:

“Şübhəsiz ki, sorğuda bizim üçün prinsipial əhəmiyyət kəsb etməyən məqamlar da var. Amma əsas məqamlardan da göründüyü kimi Ermənistan əhalisinin əhəmiyyətli hissəsi 44 günlük müharibənin nəticəsini qəbul edir və müharibədə məğlub olmuş ordunun ali baş komandanını dəstəkləyir. Bu isə sübuta yetirir ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı məsələlər Ermənistan cəmiyyətində Qarabağ faktoru üzərindən hakimiyyətə yiyələnmiş hərbi-cinayətkar qrupların formalaşdırdığı ideoloji təzyiq vasitəsi olub. İnsanlar repressiyaya məruz qalmaqdan qorxduqları üçün bu saxta ideoloji faktora qarşı çıxmaqdan çəkiniblər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər