Ermənistan Baş naziri Nikol Paşinyan Baş Qərargahın keçmiş rəisi Onik Qasparyana istefa verəcəyini vəd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparaq” qəzeti məlumat yayıb.
Qəzet Qasparyanın vəzifəsindən getməzdən əvvəl müxtəlif siyasətçi və ictimai xadimlərlə bir sıra görüşlər və telefon danışıqları keçirdiyini, onları baş nazirin istefasına və erkən seçkilərin keçirilməsinə nail olmaq niyyətində olduğuna əmin etdiyini yazıb.
Üstəlik, qəzetə görə, görüşlərdən birində Qasparyan Paşinyanı istefaya və erkən seçkilərə getməyə inandıra bilib.
Ermənistandakı daxili siyasi böhran Baş Qərargahın fevralın 25-də hökumətin istefasını tələb etməsindən sonra daha da pisləşib. Baş nazir bunu “çevriliş cəhdi” adlandırıb və Onik Qasparyanı tutduğu vəzifədən azad edib.