Ermənistanda erkən parlament seçkisi may ayında keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Ermənistan hakimiyyəti son günlər erkən seçkilərin keçirilməsi məsələsinə aydınlıq gətirmək üçün ciddi addımlar atmağa başlayıb.
Qəzetin qeyd edib ki, son iki gündə Nikol Paşinyan və hakim “Mənim addımım” blokunun bir neçə nüfuzlu nümayəndəsi həm siyasi qüvvələrlə, həm də regional rəhbərlər və böyük şəhərlərin bələdiyyələrinin sədrləri ilə görüşlər keçirir: “Hakimiyyət orqanları bölgələrdə Nikol Paşinyanın reytinqinin nə qədər olduğunu anlamaq istəyirlər”.
Nəşr bildirib ki, Paşinyan seçkilər də daxil olmaqla hadisələrin hər cür inkişafına hazır olmaq üçün xüsusi təlimat verib.
Qəzet Baş nazir Paşinyanın 23 mart tarixinə qədər istefa qərarına gəldiyini yazıb: “Fövqəladə hal olmasa, bu baş tutacaq. Ermənistanda may ayında erkən seçkilər keçiriləcək”.