“Ermənistan Baş naziri Nikol Paşinyanın istefa verəcəyini düşünmürəm”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” blokundan olan deputat və parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan deyib.
“Paşinyan xalqın etimad mandatına malikdir, buna əsaslanaraq həll yolu kimi erkən seçkilərin keçirilməsini təklif edir. Birinci prezident əslində 17 və ya 15 qüvvənin tələblərinə qoşulub, bu qəbuledilməzdir”, - Köçəryan qeyd edib.
O, Levon Ter-Petrosyanın 1998-ci ildə o dövrün müdafiə naziri Vazgen Sərkisyanın tələbi ilə istefa vermək məcburiyyətində qaldığını bildirib. Köçəryan hesab edir ki, müxalifət silahlı qüvvələri baş naziri istefaya göndərmək üçün təhrik etməyə çalışır: “Elə bir vəziyyətdəyik ki, bundan çıxmaq üçün siyasi qərarlara ehtiyac var. Yolları bağlayaraq heç nə əldə etmək mümkün deyil”.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bundan əvvəl daxili siyasi böhrandan çıxmağın yeganə yolunun Paşinyanın dərhal istefası olduğunu söyləyib. O, bildirib ki, baş nazirə xaricdə müvəqqəti sığınacaq tapması üçün toxunulmazlıq zəmanəti verilməlidir.