İnzibati Məhkəmə Onik Qasparyanın baş qərargahın rəhbəri kimi fəaliyyət göstərməyə davam etməsi barədə qərar verə bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim “Mənim adımım” blokunun üzvü Alen Simonyan deyib.
Siyasətçi məhkəmənin qərarını ”qanunsuz” adlandırıb. Onun sözlərinə görə, İnzibati Məhkəmə konstitusiya normaları ilə bağlı bəzi addımlar atma hüququnu özünə aid etməyə çalışır.
Simonyan Qasparyanın vəzifəsindən azad edilməsi prosesinin başa çatdığını bildirib: “Generalın vəzifəsindən kənarlaşdırılması ilə bağlı fərman qüvvəyə minib və məhkəmə başqa qərar verə bilməz. İnzibati Məhkəmə tərəfindən verilən qərarın hüquqla heç bir əlaqəsi yoxdur”.
Parlament sədrinin müavini əlavə edib ki, bəzi hakimlər keçmiş hakimiyyətin nümayəndələrinə sıx bağlıdır və siyasi qərarlar qəbul edirlər.
Bundan əvvəl İnzibati Məhkəmə Qasparyanın son məhkəmə qərarı çıxana qədər vəzifəsində qaldığı barədə qərar verib.
Məhkəmədə müvafiq inzibati akt olmadığı üçün Qasparyanın vəzifəsindən azad edilməsi etibarsız sayılıb.
Qasparyan Baş nazir Nikol Paşinyanı istefaya çağırdıqdan sonra onun qərarı ilə vəzifəsindən azad edilib.