Ermənistanda keçirilən son rəy sorğularına görə, indiki hakimiyyətin mövqelərinin nisbətən üstün olduğu ortaya çıxdı. Düşünmürəm ki, Nikol Paşinyanın rəqiblərinin Moskvaya arxalanması seçki prosesinə ciddi təsir göstərə bilər. Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilmir. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi bu ölkənin dövlət kimi ləğv edilməsi ilə nəticələnə bilər.
Bunu Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
O xatırladıb ki, Ermənistanın əsas müttəfiqi Rusiyadır, o da müharibə zamanı Ermənistana yardım etsə də, faktiki müdafiə etmədi:
“Odur ki, indi erməni cəmiyyətində Rusiyaya qarşı anti-patiya mövcddur, eləcə də Qərb ölkələrinə. Ermənilər hesab edirdilər ki, hamı onları müdafiə etməli, işğalçılıq siyasətini dəstəkləməlidir. Dəstəkləməyəndə sanki onlara qarşı söz müharibəsinə başlayırlar. Bir sözlə, Rusiyanın Ermənistana təsir rıçaqları var. Amma seçkilərdə indiki hakimiyyətin dəyişilməsi ehtimalları azdır”.
Partiya sədri ehtimal edir ki, Nikol Paşinyan komandası növbədənkənar seçkilərdə qalib gələcəksə, bu zaman üçtərəfli bəyanatın bir sıra maddələrinə əməl etmələri ehtimalı yüksək olacaq:
“Söhbət, xüsusilə, bizim tələb etdiyimiz maddələrin icrasından gedir. İndi Ermənistanda bir növ keçid dövrüdür və indiki hakimiyyət tam şəkildə əl-qol aça bilmir. Amma bu o demək deyil ki, indiki hökumət bəndlərin yerinə yetirilməsində maraqlıdır. Onlar da Zəngəzur dəhlizi və digər məqamları ləngitməyə çalışırlar. Hər halda Rusiya bəyanatın tələblərinin yerinə yetirilməsində maraqlıdır. Bu həm də Rusiyanın nüfuz məsələsidir. Odur ki, Rusiya çalışacaq ki, təzyiq və təsir yolu ilə bəyanatın icrasına nail olsun”.