9 İyun 2021 19:27
3 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın nəvəsi, Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin dosenti, aktrisa Qoarina Baxşiyevna (ata adına diqqət!) Trdatyan-Njde Ermənistan mediasına müsahibə verib.

Teleqraf.com-un məlumatına görə, Ermənistanda şəxsiyyətinə pərəstiş edilən Qaregin Njdenin nəvəsi nasist canisi olan babasının Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbəsini görüb dəli olacağını, ürəyinin partlaya biləcəyini istisna etməyib. Müsahibəni ixtisarla təqdim edirik.

– Njde Sünikdəki (Zəngəzur) zəfərimizin (1918-ci ilin mayında erməni quldurlarının Zəngəzuru ələ keçirməsi, oradan azərbaycanlı əhalinin qovularaq çıxarılması və törədilən qırğınlar nəzərdə tutulur) təfərrüatlarına, digər müharibələrdəki məğlubiyyətimizin isə səbəblərinə, daxili və xarici düşmənlərə toxunaraq “keçmişimiz dərindən dərk edilmədi, bu günümüz yaradıcı deyil” deyə təəssüf hissi ilə bildirirdi. 44 günlük müharibədən sonra bütün bunları daha aydın görürük. Sizcə biz gecikmirik?

– Biz həmişə gecikirik. Maraqlıyıq, qocalmışıq, amma həmişə qəribə vəziyyətlərdə oluruq. Təhlükə qarşısında qorxu hissimizi itiririk, bir-birimizi sevmirik, davamlı olaraq bir-birimizi tənqid edirik.

Niyə belə olduğunu anlamıram. Millətimizi bir az səhv anlamağa başladım. Njde də bütün bunları anlamağa çalışdı. Gecikməyə gəlincə, deyim ki, heç vaxt gec deyil.

– Bir dəfə Njdenin öz xalqının tarixini öyrəndiyini, bu xalqın çox yaxşı tərəflərinin olmasını təmin etdiyini və hər zaman bu barədə xatırlatmaq istədiyini söyləmişdiniz və etnik din ideyasına əsasən müsbət xüsusiyyətlər tapdığını bildirmişdiniz. Sizcə, indi hər zamankından daha çox özümüzü yenidən qiymətləndirməli, özümüzü yenidən kəşf etməli deyilikmi?

– Mütləq köklərinə qayıtmalı, müsbət keyfiyyətləri tapmalısan, əlbəttə, bütpərəst olmamaq şərti ilə. Njde deyirdi: “Ruhumun əkiz sütunu var - tanrı və vətən”. Ümumiyyətlə, dünya çox qarışıqdır: müsbət itir, maddi qazanır. Daim müsbət barədə xatırlatmaq lazımdır. Njde düşünürdü ki, məktəblərin divarlarına bir çox fikirlər vurulmalıdır ki, yeni nəsil dünya haqqında, insan haqqında, özü haqqında, ermənilik haqqında bilsin.

– Njde sağ olsaydı, bu günümüzü görüb nə edəcəyini düşünürsünüzmü?

– Mən həmişə bu barədə düşünürəm, yəqin ki, dəli olar, ürəyi partlayardı. Njdenin indi anadan olmasını istərdim, onun xalqa anormal sevgisi var idi.

– Ona bir məktub yazmaq fürsətiniz olsaydı, nə deyərdiniz?

– Deyərdim ki, ruhunuzu qoruyun, bir də dünyanın kədərli, dəhşətli olduğunu, heç bir şeyin dəyişə bilməyəcəyini düşünməyin... Mən onu çox sevdiyimi də söyləyərdim.

– “İntizamsız insanlar” kitab seriyası haqqında nə deyərdiniz?

– İntizamsız insanlar demək yaxşıdır. Təsəvvür edirsinizmi, kəndlərdə, fərqli yerlərdə insanlara intizamsız olduqları nə qədər deyildi? Millətimiz intizam almır, amma nizam-intizam çox vacib bir şeydir.

Zəruri qeyd: Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyan İkinci Dünya müharibəsi illərində insanlıq əleyhinə cinayətlər törədən nasistlərin əlaltısı olub. Onlarla sıx əməkdaşlıq edib.

Sovet qoşunları Bolqarıstana daxil olduqdan sonra, 10 oktyabr 1944-cü ildə Q.Njde SMERŞ tərəfindən tutulub və Moskvaya göndərilib. 1947-ci ildə SSRİ-də ölüm hökmü ləğv edildiyi üçün faşist cəllada 24 aprel 1948-ci ildə maksimum – 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, İrəvanda, Saratovda, Kuybışevdə, Rostovda həbsxanada saxlanılıb. Hətta qısa müddət Bakıda da qalıb.

Nəhayət, Vladimir həbsxanasına göndərilib. O, 1955-ci ildə öz şərəfsiz ömrünü Vladimir şəhərindəki xüsusi təhlükəli canilərin saxlanıldığı həbsxanada başa vurub.

Yeri gəlmişkən, SMERŞ sözünün mənası da maraqlıdır. SMERŞ “Smert şpionam!” sözünün ixtisar olunmuş şəklidir. SMERŞ Böyük Vətən müharibəsi dövründə – 1943-cü ildə yaradılan Sovet İttifaqının bir-birindən asılı olmayan əks-kəşfiyat təşkilatlarının adıdır. SMERŞ müharibə illərində satqınlıq, Vətən xainliyi, kollaborasionizmlə məşğul olanların aşkara çıxarılmasına cavabdeh olub və öz missiyasını başa çatdırdıqdan sonra – 1946-cı ildə onun fəaliyyətinə son qoyulub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Nəzərə almaq lazımdır ki, bu fikir Böyük Vətən müharibəsi illərində deyilib”.

2016-cı ildə - Serj Sərkisyanın prezident olduğu dövrdə İrəvanın mərkəzində bu satqın cəllada təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Ermənistanın yeni hakimiyyəti bu heykəli nəinki götürməyib, əksinə Njdenin şəxsiyyətinə pərəstiş Nikol Paşinyanın hakimiyyəti illərində də davam etdirilib. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bu isə aşkar şəkildə MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasıdır. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.

2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Yeri gəlmişkən, xüsusi olaraq vurğulanmalıdır ki, Qaregin Njdenin satqınlığı və cəlladlığı, Ermənistanda neonasizmin populyarizasiyası Azərbaycan Prezidenti tərəfindən vaxtaşırı ifşa olunur, bunun yolverilməz olduğu dəfələrlə qaldırılır. Dövlət başçısı 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı bu istiqamətdə faktlara əsaslanan, sitatlarla möhkəmləndirilmiş çıxış edərək Ermənistanda bununla bağlı mövcud olan vəziyyəti MDB dövlət başçılarının diqqətinə çatdırıb.


Müəllif: Səxavət Həmid