Bundan sonra Qarabağ münaqişəsinin həlli Ermənistandan asılı deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.
“Bundan sonra Qarabağ münaqişəsinin həlli Ermənistandan asılı deyil. Heç bir erməninin “Mən Qarabağ problemini həll edəcəyəm” deməsini gözləməyin. Belə bir şey yoxdur, yoxdur... Bu bir illüziyadır”, - Ter-Petrosyan vurğulayıb.
Levon Ter-Petrosyanın fikrincə, qonşularla əbədi düşmənçilik Ermənistanın öz varlığını təhlükə altına qoyur və vəziyyəti düzəltmək üçün yaxşı qonşuluq və razılaşmaq lazımdır:
“İndi sülh hökm sürür, bölgədə Rusiya qoşunları var və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmırsınız, ancaq zamanla həm Əliyevlə, həm də Türkiyə ilə razılığa gəlməliyik. Qonşularla əbədi düşmənçilik etmək olmaz”.
O, Qarabağ məsələsində Ermənistanın müttəfiqinin olmadığını bildirib: “İndi hər şey daha mürəkkəbdir, o vaxt qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yoxdur. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”.
Petrosyan ikinci prezident Robert Köçəryanın Şuşa və Hadrutun “geri qaytarılması” ilə bağlı açıqlamasını təhlükəli adlandırıb:
“Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var. Yəni Robert Köçəryan yeni bir müharibə vəd edir. Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. İndi bu ərazilərin bir hissəsini qaytardı, heç kim Azərbaycanı qınamadı. Bu dünyanın qanunu belədir. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”.