Erməni istehsalçılar 2043-cü ildən etibarən Ermənistan və Avropa Birliyi arasında Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində “konyak” sözünün istifadəsindən imtina edəcəklər.
Teleqraf.com xəbər verir ki, ermənilər indi bazarları itirməmək üçün yeni ad müzakirə edirlər.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Ermənistan və AB arasında 2017-ci ildə imzalanmış Genişləndirilmiş Tərəfdaşlıq Sazişi 2043-cü ildən AB-nin coğrafi adlarının qorunması kontekstində konyak məhsullarının ixracı zamanı “konyak” sözünün istifadəsindən imtina etməyi nəzərdə tutur:
“Müvafiq olaraq, 2043-cü ilə qədər erməni istehsalçılar uyğun marketinq strategiyası izləyəcək”.
“Konyak” adından imtina etmə tələbi, bu terminin AB-də qüvvədə olan qaydalara görə yalnız Fransada istehsal olunan məhsullar üçün istifadə edilə bilən, buna görə də qorunan coğrafi ad olması ilə əlaqədardır.
Razılaşmaya uyğun olaraq, AB bunun üçün Ermənistana 3 milyon avro məbləğində maliyyə yardımı edəcək.
Mqer Qriqoryan adın dəyişdirilməsinin Ermənistanın konyak istehsalı müəssəsiələrinə zərər vuracağını, bu səbəbdən müştərilərini itirə biləcəklərini deyib.
O, əvvəlcə 2032-ci ildə bu adın Ermənistanın daxili bazarı üçün qadağan olunacağını diqqətə çatdırıb.