Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı növbədənkənar parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və birlikdə çalışmağa davam etməkdən məmnun olacağını qeyd edib.
Teleqraf.com xəbər verir ki, Fransa Prezidentinin təbrik məktubunda deyilir:
“Erməni xalqı demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi əzmində Fransanın tam dəstəyinə arxalana bilər.
Fransa Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün ölkənizlə birləşibdir. Bu baxımdan, Minsk Qrupunun həmsədri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin davamlı həll yolunu axtarmağa bağlılığını bir daha təsdiqləmək istərdim. İnanın ki, Cənubi Qafqazda davamlı sabitliyə zəmanət verməyin, eyni zamanda bölgə xalqları ilə ortaq sülh, həmrəylik və dostluq dəyərlərimizi inkişaf etdirməyin yeganə yolu olan siyasi həll prosesini bərpa etməyə sadiqik”.