Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin haqqında danışdığı sülh müqaviləsi ilə bağlı açıqlama verməkdən yayınır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Hetq.am saytında dərc olunan məqalədə bildirilib.
Mənbə Prezident İlham Əliyevin iyulun 22-də səsləndirdiyi fikirlərə də istinad edib:
“İlham Əliyev iyulun 22-də Azərbaycan tərəfinin Ermənistana sərhədlərin demarkasiyası ilə bağlı danışıqlara başlamağı və sülh müqaviləsi bağlamağı təklif etdiyini demişdi:
"Biz Ermənistana sülh müqaviləsi gündəliyi göndərmişik. Qoy desin ki, istəmirik, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm. Biz hazırıq, danışıqlara başlayaq. Öz tərəfimdən dəfələrlə demişəm və indi də təkrar edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı danışıqlara hazırdır. Müharibə bitdi, əgər sülh istəyirsənsə, onda Azərbaycanın ərazi bütövlüyünü tanı, qoy sülh müqaviləsi imzalansın və sərhədlərin delimitasiyası məsələsi həll olunsun”.
Əliyevin bəyanatından belə görünür ki, Azərbaycanın hazırladığı sülh müqaviləsinin Rusiya və Türkiyənin iştirakı ilə müzakirə üçün Ermənistan tərəfinə göndərilmiş ilkin variantı artıq mövcuddur. Ermənistan hökuməti isə bunu sözdə inkar edir. Amnma Ermənistan Müdafiə Nazirliyi öz açıqlamalarından birində heç bir səviyyədə elan olunmamış durumla bağlı izahat verməsə, bu, Azərbaycan prezidentinin daha bir mübahisəli bəyanatı sayıla bilər.
Ermənistan Müdafiə Nazirliyinin iyulun 28-də Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurma ilə bağlı açıqlamalarından birində qeyd olunur:
“Düşmən Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək danışıqlardan əvvəl Ermənistan sərhədlərində, Sotkdan Verin Şorjiyə qədər olan hissədə hücum əməliyyatlarına başlayıb”.
Mənbənin iddiasına görə, nazirlik hansı görüşdən söhbət getdiyini açıqlamayıb. Sayt bu açıqlamanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hazırlığın getdiyinə dair şübhələri artırdığını iddia edib.