“Bölgədə kommunikasiyaların açılması Ermənistanın uzunmüddətli blokadadan çıxmasına imkan yaradacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan ətrafında əlverişli mühit yaratmaq üçün ən vacib vasitələrdən biri də üçtərəfli işçi qrupunun (Azərbaycan, Rusiya və Ermənistan) işinin aktivləşdirilməsi və regionda kommunikasiyaların blokadadan çıxarılmasında konkret nəticələrin əldə edilməsidir.
“Hökumət bu komissiyanın işinə Ermənistanın davam edən blokadasını pozmaq üçün ciddi fürsət kimi baxır”, - Paşinyan vurğulayıb.
Baş nazir vurğulayıb ki, kommunikasiyalar açılsa, İrəvan Azərbaycan ərazisi ilə Rusiya və İranla, Bakı isə Naxçıvanla Ermənistan vasitəsi ilə əlaqə qura biləcək.
O, bölgədəki kommunikasiyaların bərpasında maraqlı olduğunu bildirib.