Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü avqustun 31-də Moskvada baş tutacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Mirzoyanın işgüzar səfərlə Moskvaya gələcəyini bildirib.
Nazirlər görüş zamanı Rusiya-Ermənistan ittifaqını bütün sahələr üzrə inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində - MDB, KTMT və Avrasiya İttifaqında əməkdaşlığın qurulması, eləcə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda mövqelərin əlaqələndirilməsi istiqamətində atılacaq addımları ətraflı müzakirə edəcəklər.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsində irəliləyiş, o cümlədən humanitar və Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.
“Ümid edirik ki, Moskvada keçiriləcək danışıqlar İrəvanla müttəfiqlik əlaqələrinin dərinləşməsinə, bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəri olacaq.