Ermənistan parlamentindəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları diqqətçəkən təklif irəli sürüblər: millət vəkillərinin Milli Məclisin iclas salonuna telefon gətirmələrini qadağan etmək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.
Nəşr bu fikrin son vaxtlar parlamentdə tez-tez baş verən davalardan sonra ortaya çıxdığını yazıb:
“Mühafizəçilər jurnalistlərə parlamentdəki davaları lentə alınmasını qadağan etdikdən sonra bu işi müxalifətçi deputatlar görməyə başlayıblar. Deputatlar parlamentin son iclasındakı davaların videolarını çəkərək sosial şəbəkələrdə yaydılar”.
Qəzet qeyd edib ki, indi vətəndaşlar bu hadisələri görməsin deyə, Nikol Paşinyan hökuməti yeni məhdudiyyət üsulları üzərində düşünməyə başlayıb.
Nəşrin yazdığına görə, hakim fraksiya daxili müzakirələr aparıb və müvafiq təkliflə parlament rəhbərliyinə müraciət etmək qərarına gəlib.
Avqustun 25-də sosial şəbəkələrdə Ermənistan parlamentində baş verən davanın görüntülərini əks etdirən videolar yayımışdı.