“Azərbaycanın indi bir neçə hədəfi var. Birincisi, anklav və yollarla bağlıdır. İkincisi, ərazi bütövlüyünün tanınması tələbidir. Eyni zamanda Türkiyənin tarixi problemlərin münasibətlər kontekstində müzakirə edilməməsi barədə bəyanatı “soyqırımı ilə əlaqəlidir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Erməni politloq Rusiya xarici işlər naziri Lavrovun ötən gün Moskvada keçirdiyi mətbuat konfransı zamanı Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanması ilə bağlı suala cavab vermədiyini və bu sualın ona ünvanlanmadığını qeyd etməsini də şərh edib: “Rusiya vasitəçilik funksiyasına malik olduğundan açıq şəkildə Ermənistan-Azərbaycan debatına girmək istəmir. Əlbəttə ki, Rusiyanın öz marağı var, çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, onda ortaya sual çıxacaq, ruslar orada nə etməlidirlər? Getməlidirlər, çünki Azərbaycan Rusiya sülhməramlılarının statusunu tanımayıb. Üstəlik ortaya sual çıxacaq: Türkiyənin bütövlükdə Cənubi Qafqaz və Orta Asiyada türkdilli ölkələrin konfederasiyası məsələsini təbliğ edəcəyini nəzərə alaraq, Rusiya nə etməlidir? Anladığım qədərilə, Rusiya indi Azərbaycanla konfliktə girməməyə çalışır, bu və ya digər şəkildə vaxt qazanmağa çalışır”.