“Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları bəziləri tərəfindən müsbət xarakterizə edilsə də, mənim fikrimcə, bu, əslində belə deyil. Nikol Paşinyanın həmin açıqlamalarına diqqət etsəniz, görərsiniz ki, sonda o, bütün bunların ATƏT-in Minsk qrupunun iştirakı ilə baş verməli olduğunu deyir. Deməli, Paşinyan Azərbaycanı prosesə cəlb etmək istəyir, mesaj verir ki, nə deyirsinizsə, edirik. Bu tərəfdən də Minsk qrupunu proseslərə qatmaq istəyir. Minsk qrupu da bu məsələni əvvəlki təcrübələrə əsaslanaraq mümkün qədər uzatmaq və Ermənistanın xeyrinə həll etmək istəyir. Burada başqa məqam görünmür”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamalarını qiymətləndirərkən deyib.
Sərdar Cəlaloğlu xatırladıb ki, indiki mərhələdə Minsk qrupu prosesdən kənarda qaldığı üçün Ermənistanın əli zəifləyib:
“Paşinyan özünün bütün müsbət fikirlərini Minsk qrupu ilə şərtləndirir ki, bu da yolverilməzdir. Xatırladım ki, Azərbaycan dövlət başçısı da Minsk qrupunun fəaliyyətinin başa çatdığını elan edib. ATƏT Minsk qrupuna Ermənistan və Azərbaycan arasında vasitəçilik missiyası səlahiyyəti vermişdi. Ancaq indi Ermənistanla Azərbaycan arasında heç bir münaqişə yoxdur. Yerdə qalan məsələ separatizmdir. Ermənistan tərəfindən bu separatizm dəstəklənir və Azərbaycanın daxili işlərinə qarışılır. Bu baxımdan qətiyyən Paşinyanın bu təklifini qəbul etmək olmaz. Minsk qrupunun iştirakı olmadan Paşinyan dediklərində səmimidirsə, Bakı və Ankara bu istiqamətdə dərhal danışıqlara başlamağa hazırdır. Amma bu prosesdə Minsk qrupunun iştirakı olmamalıdır”.
Sərdar Claloğlu bildirib ki, bundan əvvəl Paşinyan üçüncü tərəfin iştirak olmadan Azərbaycan və Türkiyə ilə danışıqlara hazır olduğunu ifadə edirdi:
"Ancaq indi nədənsə üçüncü tərəfə üç dövləti-ABŞ, Fransa və Rusiyanı əlavə etmək istəyir".