2 Oktyabr 2021 16:20
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələri Baş qərargah rəisinin müavini saxlanılıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, Baş Qərargah rəisinin müavini Stepan Qalstyan Silahlı Qüvvələrin ehtiyacları üçün silah alınması prosesində törədilən sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Stepan Qalstyan ciddi maliyyə nəticələrinə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. Onun barəsində həbs qərarı üçün artıq məhkəməyə iddia təqdim olunub.

Ermənistan Təhlükəsizlik Xidməti bildirib ki, cinayət mexanizmində iştirak edən digər vəzifəli şəxslərin hərəkətlərini müəyyən etmək və onlara qarşı cinayət təqibinə başlamaq üçün cinayət işi üzrə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl sabiq müdafiə naziri David Tonoyan saxlanılıb. Erməni ordusunda əsas silah təchizatını həyata keçirən David Qalstyan haqqında həbs qərarı isə növbəti dəfə uzadılıb. İlkin ehtimal budur ki, adı çəkilən şəxslər erməni ordusu üçün ayrılan pulların böyük hissəsini mənimsəyiblər. Erməni ekspertlər hesab edirlər ki, yüksək çinli hərbçilər arasında həbslərin davam etməsi gözləniləndir.


Müəllif: Nemət