25 Oktyabr 12:46
3 328

Ermənistanın 2022-ci il üzrə dövlət büdcəsi layihəsinə görə, müdafiə xərcləri 345 milyard dramdan çoxdur. Bu da da 2021-ci illə müqayisədə 11 faiz artım deməkdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bəyan edib.

Parlamentdə “Ermənistan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ilkin müzakirələri zamanı o, 2022-ci il üçün dövlət büdcəsinin 3 prioritetə ​​əsaslandığını xatırladıb: təhlükəsizlik sisteminin islahatı və təkmilləşdirilməsi, infrastrukturun inkişafı, təhsilin və elmin müasirləşdirilməsi.

“Biz ardıcıl olaraq Ermənistanda peşəkar ordunun yaradılması istiqamətində irəliləyəcəyik, lakin bunu rəvan, düşünülmüş şəkildə, addım-addım hərbi xidmətin cəlbediciliyini artıraraq, zabit və gizirlərin imicini yüksəldərək, Ermənistan Respublikasının müdafiə doktrinasını inkişaf və təkmilləşdirərək edəcəyik. Yeni təhlükəsizlik mühitində ölkəmizin sərhədlərinin qorunması əsas prioritet olaraq qalır”, - deyə o bildirib.

N.Paşinyan deyib ki, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinin başlanması bu məsələnin həlli üçün əlverişli şərait yaradacaq.

O, həmçinin qeyd edib ki, Ermənistan öz silahlı qüvvələrini təcavüz etmək üçün deyil, özünü müdafiə üçün inkişaf etdirəcək: “Ermənistan ərazi zəbt etmək niyyətində deyil”.


Müəllif: Səxavət