27 Oktyabr 2021 15:42
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan parlamentinə silahlı hücum və bir neçə siyasətçinin öldürülməsindən 22 il keçir.

Teleqraf.com xatırladır ki, 1999-cu ilin oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinə daxil olaraq siyasi terror aktı həyata keçirib.

Nairi Humanyanın başçılıq etdiyi 5 silahlı şəxs parlamentə hücum zamanı o dövrdə Ermənistanda de-fakto qərarların qəbul edilməsində xüsusi rolu olan baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçiyan daxil olmaqla 8 nəfəri güllələyib.

Məlumat üçün əlavə edək ki, Levon Ter-Petrosyanın devrilməsindən sonra Sərkisyan və Dəmirçiyanın islahata meylli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərində səs çoxluğu qazanaraq faktiki prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmaq üzrə idi. Başqa sözlə, əslində Ermənistandakı “Qarabağ klanı” deyilən komandanın hakimiyyəti zəbt etməsinin qarşısı 22 il əvvəl alına bilərdi. Amma parlamentin gülləbaran edilməsi Ermənistanda siyasi mənzərəni dəyişdi. Ölkədə revanşist meyllər daha da gücləndi və Qarabağdakı separatçıların İrəvanda hakimiyyəti mənimsəməsi və uzun illər əllərində saxlanılmasına səbəb oldu.

Terror hücum nəticəsində o dövdəki baş nazir Vazgen Sərkisyan, spiker Karen Dəmirçiyan, vitse-spikerlər Yuri Baxsyan və Ruben Miroyan, təcili işlər naziri Leonard Petrosyan, deputatlar Henrik Abrahamyan, Armenak Armenakyan və Mixail Kotanyan öldürülüb. Erməni parlamentinin ən azı 30 nəfəri yaralanıb.

Terror hücumunun əsas 5 günahkarı-Nairi Hunanyan, kiçik qardaşı Karen Hunanyan, dayısı Vram Qalstyan, Derenik Ecanyan və Eduard Qriqoryan 2003-cü ildə ömürlük həbs cəzasına məhkum edildi.

Amma erməni cəmiyyətində o zamanda belə şübhələr var idi ki, terror aktının arxasında o zamankı prezident Robert Köçəryan durur.

Qəribədir ki, 2018-ci ildə Ermənistanda “Qarabağ klanı”nın hakimiyyətinə son qoyan Dəmirçiyan və Sərkisyanın davamçıları bu gün parlament iclasında onları anıb.

Bu həm də erməni cəmiyyəti daxilində irəvanlılarla qarabağ erməniləri arasında ciddi uçurum olmasından xəbər verir.


Müəllif: Nemət