“Sərhədlərdə mövcud vəziyyət Ermənistan hakimiyyətin məğlubiyyət mövqeyi ilə barışmasının nəticəsidir”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
Ohanyan qeyd edib ki, 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq, qoşunlar atəşkəs zamanı olduqları mövqelərdə qalmalı olsalar da, baş nazir Nikol Paşinyan qoşunları son həddə qədər geri çəkib:
“Qoşunlar bəzi şifahi və ya yazılı razılaşmalar əsasında bir sıra strateji nöqtə və yüksəkliklərdən daxili ərazilərə çəkilib”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan hakimiyyətinə təzyiqlərini davam etdirir, çünki təcrübə göstərir ki, məğlub olan hakimiyyət nəinki düşmən qarşısında, hətta beynəlxalq arenada da daim təzyiq altında olur.
Ohanyan İrəvan-Qafan yolunun faktiki olaraq Azərbaycan tərəfinin nəzarətində olduğunu vurğulayıb.