Ermənistanın dövlət borcu artmaqda davam edir. Bu ilin 10 ayında dövlət borcu 1,2 milyard dollar və ya 15,6% artaraq 9,2 milyard dollar həddini keçib.
Teleqraf.com bu barədə Ermənistan mətbuatına istinadən bildirir ki, ölkənin xarici borcu ilə yanaşı daxili borcu da artır.
Xüsusilə 2021-ci ilin yanvar-oktyabr aylarında təkcə Ermənistan Respublikasının xarici borcu 647,4 milyon dollar və ya 10,6%, daxili borcu isə 593,4 milyon dollar və ya 31% artıb.
2011-ci ilin siyahıya alınması əsasında aparılan cari əhalinin qeydiyyatına əsasən, Ermənistan Respublikasının daimi əhalisinin indeksi 2021-ci il oktyabrın 1-nə 2966,8 min nəfər təşkil edib. Beləliklə, məlum olur ki, Ermənistanın hər bir vətəndaşı üçün 3104 dollar borcu var. İlin əvvəli ilə müqayisədə adambaşına düşən dövlət borcu 418 dollar və ya 15,6% artıb.
Mütəxəssislərin fikrincə, borcun və ümumi daxili məhsulun həcmi baxımından dinamika narahatlıq doğurur. Belə çıxır ki, iqtisadiyyat 4,4%, dövlət borcu isə 15,6% artıb. Bu göstəricilərdən də aydın olur ki, dövlət borcunun artımı gələcək nəsillər üçün əlavə problemlər yaradacaq.