“Ermənistanın yeni prezidenti Alen Simonyan ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.
Ekspert Ermənistan Prezidenti Armen Sərkisyanın istefasına münasibət bildirib:
“Armen Sərkisyan Ermənistan hakimiyyətində təmsil olunan siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəlisi idi. Nəzərə salmaq lazımdır ki, onun Böyük Britaniya, Vatikan, ABŞ və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri vardı. Təsadüfi deyil ki, tez-tez BƏƏ-yə rəsmi səfərlərə gedirdi. Düzdür, onun orada şəxsi biznesi var, amma eyni zamanda, BƏƏ şeyxi ilə kifayət qədər möhkəm münasibəti mövcuddur.
Onu bu posta Serj Sərkisyan təyin etmişdi. “Generalların qiyamı” zamanı xüsusi canfəşanlığı sayəsində birinci posta öz iddiasını ortaya qoymaqla yanaşı, xalq arasında reytinqə işləyən bəzi addımlar atdı.
Hesab edirəm ki, Armen Sərkisyanı istefaya iki səbəb vadar edə bilər. Birincisi, Fransaya meyilli komanda Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib. İkincisi, Armen Sərkisyan xarici dostlarından dəstək alıb və Nikol Paşinyanın yerinə iddialıdır”.
İlyas Hüseynov bundan sonra Ermənistanın üzləşə biləcəyi mümkün gəlişmələrə də diqqət çəkib:
“Ermənistan konstitusiyasına əsasən, yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərini parlamentin sədri, yəni Alen Simonyan həyata keçirəcək. Yunanıstanda istirahətləri ilə məşhurlaşan Alen Simoyanın Ermənistanın prezidenti postunda oturması Paşinyanın maraqları daxilindədir. Düşünürəm ki, böyük ehtimalla Ermənistanın beşinci prezidenti elə Simonyan olacaq.
Zəruri hadisələr zəncirini də xatırlamaq lazımdır. Armen Sərkisyan BƏƏ-yə uçur, qayıdır, müalicə üçün məzuniyyətə gedir. Eyni zamanda, Alen Simonyan ABŞ-a səfər edir və Amerikadan qayıtdıqdan sonra prezident istefa verir.
Ermənistanın konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir. Yeni prezidentin seçilməsi istefa verdiyi gündən 25 gündən tez və 35 gündən gec olmayaraq keçirilə bilər. Bütün deputatlar namizəd irəli sürə bilər, yəni “köçəryançılar” və “sərkisyançılar” da bu postu tutmağa cəhd edə bilərlər.
Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. Paşinyanın parlamentdə 79 yeri var. Sual yaranır: parlamentdəki “Qarabağ klanı” arasında “paşinyançı” kim olacaq? Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda Paşinyan böyük ehtimalla öz “marionet” namizədini prezident kürsüsünə oturdacaq”.