25 Yanvar 2022 16:43
2 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanın yanvarın 24-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər iki gündür ki, media resurslarının və sosial şəbəkə iştirakçılarının əsas müzakirə mövzularından birinə çevrilib. Həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya mediası Paşinyanın prezident Armen Sərkisyanın istefasından bir neçə saat sonra Araik Arutyunyanla heç bir məna kəsb etməyən görüşünü və təbii ki, mətbuat konfransında səsləndirdiyi mülahizə və iddialarını müzakirə edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Nikol Araiklə görüşündən sonra Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə və onların qondarma təsisatlarına 144 milyard dram (təxminən 510 milyon AZN) vəsait ayırdığını açıqlayıb:

“Görüş haqqında əlavə məlumat verilmədiyi üçün Ermənistanın azlıq təşkil edən müxalif mediası ödəniləcək vəsaitin “susmaq haqqı” olduğunu iddia edir. Bunun isə çoxsaylı səbəbləri var. Erməni mediası və müxalif partiyaların təmsilçilərinin qənaətinə görə, Araiklə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında Nikol Paşinyan bircə dəfə də olsun “öz müqəddəratını təyinetmə”, “müstəqilliyi tanıma”, “Qarabağda yaşayan ermənilərin Ermənistanla birlikdə olmaq hüququndan” danışmayıb.

Sitat: “Madrid prinsiplərindən söz düşəndə Nikol Paşinyan yalnız ərazi bütövlüyündən, “öz müqəddəratını təyin etmək”, “güc tətbiq etməmək” prinsiplərindən danışmağı isə unudub, “Dağlıq Qarabağ”a heç vaxt yalnız erməni torpağı kimi baxılmadığını sübut etməyə çalışıb. Sonra isə haradansa, Azərbaycanın ərazi bütövlüyünün tanındığı bir sənədi qazıb çıxarıb”.

Şübhəsiz ki, yuxarıda təqdim etdiyim iqtibasda klassik erməni həyasızlığını və kütbeyinliyini ifadə edən məqamlara vaxt ayırmaq niyyətində deyiləm. Digər tərəfdən, erməni müxalifətinin Paşinyan haqqında nə dediklərinin və düşündüklərinin bizim üçün bir o qədər də fərqi yoxdur. Mahiyyət etibarilə, Nikol Paşinyanın mətbuat konfransında səsləndiyi fikirlərə ciddi etiraz edənlərin sayı da bir o qədər çox deyil. Hay-küy qoparan eyni şəxslər və resurslardır”.

Eyni zamanda, Elçin Mirzəbəyli qeyd edib ki, bir neçə ay öncə Nikol Paşinyanın əleyhinə aqressiv bir şəkildə təbliğat aparan resursların sayında da azalma hiss olunur:

“Onlardan bir neçəsi ötən ilin noyabr-dekabr aylarında yenilənib. Görünür, revanşçıların müqaviməti tükənir və Nikol Paşinyan da hakimiyyətdə köhnə komandanın – “müharibə qatilləri”nin, o cümlədən “erməni məsələsi”ndən biznes aləti kimi istifadə edən diasporun hakimiyyətdəki son təmsilçisi Armen Sərkisyanın istefasından sonra daha açıq danışmaq qərarına gəlib. Nikolun son mesajlarında Türkiyə və Ermənistan diplomatlarının son təmasları da rol oynaya bilər. Bu məqam revanşçıların parlamentdəki təmsilçilərinin reaksiyalarından da hiss olunur. Onlar Paşinyanın Türkiyənin ərazi bütövlüyü ilə bağlı fikirlərinin həqiqətə uyğun olmadığını iddia edirlər.

Sitat: “Paşinyan təsdiq edir ki, Ermənistanda hakimiyyətdə olan heç bir siyasi qüvvə Türkiyənin ərazi bütövlüyünü şübhə altına qoymayıb. Onun bu fikirlərini məlumatsızlığa, yaxud məsuliyyətsizliyə yozmaq olar. Yox əgər o, bu bəradə məqsədyönlü şəkildə bəyanat veribsə, o zaman Nikol Paşinyanın fikirlərini erməni xalqına və dövlətinə qarşı atılmış addım kimi qiymətləndiririk. Bu isə vətənə xəyanətdir”.

Erməni müxalifəti, o cümlədən “Hayastan” blokunun liderləri iddia edirlər ki, 2011-ci ildə qondarma soyqırımının 100 illiyi ilə bağlı yaradılan “dövlət komissiyası Ermənistan adından bəyannamə qəbul edib. Həmin bəyannamdə isə qondarma soyqırımın beynəlxalq səviyyədə tanınması, nəticələrinin aradan qaldırılması və hüquqi iddiaların hazırlanması nəzərdə tutulub”.

Politoloq xatırladıb ki, 2011-ci ildə qəbul edilən bəyannamədə Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı heç bir müddəa yoxdur, yalnız ümumi, nəzəri mülahizələr var və Nikol Paşinyan, əslində doğru danışır:

“Qeyd edim ki, revanşçıların iddialarının bəsitliyi, həmçinin ciddi rezonans doğurmaması Ermənistandakı ictimai rəyin süstülüyündən və mövcud reallıqları qəbul etməyə meylli olduğundan xəbər verir. Məhz bu baxımdan, Ermənistanın yeni prezidentinin seçiləcəyi zamanadək olan dövrdə revanşçıların müəyyən qədər fəallaşa biləcəyini nəzərə alıb, informasiya pressinqini gücləndirmək, qənaətimə görə daha doğru olar. “Kökə”ni və “zopa”nı unutmamaq şərtilə”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər