“Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryan Baş nazir Nikol Paşinyan hökumətin formasını dəyişmək qərarına gələn kimi istefa verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, Vaaqn Xaçatryan bir neçə səbəbdən bu posta gətirilir:
“Birincisi, Xaçatryan hakim siyasi komandanın üzvüdür. İkincisi, açıq-aşkar Nikol Paşinyana sadiqdir. Üçüncüsü, Paşinyanın ətrafındakı mümkün namizədlər arasında cəmiyyət tərəfindən nisbətən müsbət qarşılanır”.
Hökumətin formasında mümkün dəyişikliyə gəlincə, ekspert Nikol Paşinyanın prezident idarəetmə sistemini yenidən gücləndirmək qərarına gəldiyini bildirib:
“Paşinyan əvvəlcə parlament idarəetmə formasını müdafiə etdi, amma 44 günlük müharibədən sonra yarı-prezident modelindən danışdı. Amma o, tez-tez fikrini dəyişən bir adamdır. Ona görə də heç kim Paşinyanın 2022-ci ilin sonuna və ya 2023-cü ilin əvvəlinə, konstitusiya dəyişikliyinin edilməli olduğu vaxta kimi mövqeyinin necə olacağını deyə bilməz.
Xaçatryana gəlincə, Paşinyana sədaqətini nəzərə alaraq, o, hər an - yarı-prezident sisteminə keçid zərurəti yaranan kimi bu postu tərk etməyə hazır olacaq. Prezidentliyə namizədliyinin irəli sürülməsi onun üçün gözlənilməz olduğu kimi, istefa da Xaçatryan üçün gözlənilməz olacaq. O, bu postda nə qədər qalacağını bilmir”.
Politoloq Xaçatryanın Paşinyana mane olacağına inanmadığını deyib: “O, artıq qanun layihələrini müzakirə etməyə çalışacağını bildirib. Düşünürəm ki, Paşinyanın Xaçatryanla problemləri olmayacaq”.
Surenyantsın sözlərinə görə, bu baxımdan baş nazirin yanında daha uyğun namizəd yoxdur.
Namizəd olduqdan sonra ilk dəfə açıqlama verən Vaaqn Xaçatryan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamağın Ermənistan üçün vacib olduğunu bildirib.