“Ermənistanın parlament müxalifəti bu məqsədə çatmaq üçün nəinki lazımi ictimai inam və rəğbətə malik deyil, əksinə, mövcud iqtidara xüsusi inam və rəğbət bəsləməyən ictimai təbəqələr də bir şərtlə ona dəstək verməyə hazırdır: əvvəlki hökumətin iqtidara qayıtması istisna edilsin. Küçələrdə, meydanlarda isə keçmiş hakimiyyət və onun nümayəndələridir. Bir sözlə, hakimiyyəti dəyişmək üçün ictimai resursları olmayan, küçələrə çıxan parlament müxalifətinin itaətsizlik aksiyaları ilə böhranlı vəziyyət yaratmaq üçün resursları azdır.
Teleqraf.com Ermənistanın “Respublika Naminə” partiyasının lideri Arman Babacanyanın “Haykakan Jamanak” qəzetinə müsahibəsini təqdim edir.
- Müxalifət bir neçə gündür paytaxtda küçələrdə aktivlik nümayiş etdirir. Baş verənləri necə qiymətləndirərdiniz? Artıq bir çox insan meydana çıxan qüvvələrin iflasa uğradığını bildirir, onların özləri isə bunu qəbul etmək istəmirlər.
- Parlamentdəki müxalifət qüvvələrinin daxili siyasi mübarizədə qəbul etdiyi strategiya yeni deyil. Müxalifətin davranışlarının nə qədər qanun və konstitusiya çərçivəsində olduğu və ya icmai həyatı iflic edəcəyi əsas sual olaraq qalır. Nə qədər qəribə səslənsə də, çətin ki, müxalifət Ermənistana kömək edə bilsin. Ermənistanda xaos, nizamsızlıq və toqquşmaların qızışdırılması yalnız Ermənistanın düşmənlərinin xeyrinə ola bilər.
Əminəm ki, son günlərdə keçirilən küçə aksiyalarında məqsəd hakimiyyət dəyişikliyi deyil və ola bilməz. Müxalifət çox gözəl anlayır ki, onun da tanıdığı sonuncu parlament seçkiləri cəmi bir il əvvəl baş tutub. Yəni bu gün hakimiyyət dəyişikliyi məsələsinin gündəmə gətirilməsi ən azı absurddur. Ona görə də müxalifət qüvvələrinin fəallığının səbəbini başqa yerdə axtarmaq lazımdır. Hesab edirəm ki, həmin qüvvələrin xarici müştəriləri onlar vasitəsilə Ermənistan hakimiyyətinə müəyyən mesaj verirlər. Məndə belə təəssürat yaranıb ki, hakimiyyət həmin mesajı alıb.
- Sizcə, bütün bunlardan sonra parlamentdəki iki müxalif fraksiyanın (“Hayastan” və “Şərəfim var”) deputatları nə etməlidir? Onların istefa verməli olduğu iddiaları ilə razısınızmı?
- Düzünü desəm, bu iki fraksiyanın və ya onun üzvlərinin gələcək fəaliyyətləri ilə bağlı çox az narahatam. Amma bu qüvvələrin hər ikisini milli təhlükəsizliyə təhdid hesab etməkdə davam edirəm. Onların dövlətimizin real maraqları ilə heç bir əlaqəsi yoxdur. Görün kim hardan gəlir, kimin nə qədər mülkü var. Belə insanlar xalqa xidmət etmək üçün necə fədakarlıq edə və ya qəhrəmanlıq göstərə bilərlər?
- Vəziyyət nə vaxtsa nəzarətdən çıxa bilərmi?
- Parlament müxalifətinin itaətsizlik aksiyalarına başlayan “Müqavimət” hərəkatının inkişaf perspektivləri və ya ssenariləri kifayət qədər məhduddur. Əsas məqsəd, məlum olduğu kimi, Baş nazir Paşinyanın vəzifədən uzaqlaşdırılması, başqa sözlə, hakimiyyət dəyişikliyidir.
Şübhəsiz ki, parlament müxalifəti bu məqsədə çatmaq üçün nəinki lazımi ictimai inam və rəğbətə malik deyil, əksinə, mövcud iqtidara xüsusi inam və rəğbət bəsləməyən ictimai təbəqələr də bir şərtlə ona dəstək verməyə hazırdır: əvvəlki hökumətin iqtidara qayıtması istisna edilsin. Küçələrdə, meydanlarda isə keçmiş hakimiyyət və onun nümayəndələridir. Bir sözlə, hakimiyyəti dəyişmək üçün ictimai resursları olmayan, küçələrə çıxan parlament müxalifətinin itaətsizlik aksiyaları ilə böhranlı vəziyyət yaratmaq üçün resursları azdır.
Baş verənlər ən azı iki addımın atılmasına səbəb ola bilər. Ya hakimiyyət ictimai asayişi, normal həyatı bərpa etmək üçün nə vaxtsa bu “müqavimətə” və “itaətsizliyə” güc yolu ilə cavab verəcək, ya da hakimiyyət bütün bunların dinamikasını bir müddət müşahidə edərək, dialoq yolu ilə razılaşmaya gedəcək. Küçələrdə istifadə edilən ritorikaya görə, belə bir razılaşma üçün yalnız yeni növbədənkənar seçki variantı ola bilər. Təbii ki, müxalifət ilk növbədə bu mərhələyə çata bilməlidir, əks halda ya aksiyalar sonsuza qədər davam etməlidir, ya da hansısa yolla dayandırılacaq. Aksiyaların sonsuz davam etməsi təbii olaraq Ermənistanı iflic vəziyyətinə salacaq, böyük vətəndaş qarşıdurması riskinə hamilə qalacaq. Hökumət nə vaxtsa qeyri-mütənasib güc tətbiq etmək qərarına gəlsə, belə bir təhlükə artacaq. Baş verənlər isə Qarabağ və digər məsələlərdə Ermənistanın mövqeyini bir qədər də zəiflədəcək.
- Paşinyan bildirdi ki, dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək sərhədlər keçilsə, demokratiyanın bunun qarşısını almaq üçün hüquqi alətləri var. Müxalifət artıq o sərhədləri keçibmi?
- Müxalifət hələlik o “qırmızı xətt”i keçməyib və baş verənlər hakimiyyətin nüfuzunu sarsıtmayıb. Amma məni narahat edən məsələ, meydanda olan siyasi qüvvələrdən birinin keçmişdə yeraltı terror fəaliyyətinin olmasıdır. Meydandakı reallığa yox, “zirzəmilərdə” hamımızın nəzərindən kənarda qalan aktivliyə diqqət yetirməliyik.
- Bəs niyə müxalifətin ətrafında ictimai birlik olmadı?
- Səbəb hədəflərin olmaması, nə deyəcəyi ilə nə edəcəyinin total asinxroniyasıdır. Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə İşxan Saqatelyanın “qənimətlərin qaytarılması”ndan danışdığı çıxışını xatırlayın. Təbii ki, keçmiş iqtidar-hazırkı müxalifət “qənimətləri qaytarmaq”dan danışanda insanları güldürür. Çünki cəmiyyət bizneslə qaynayıb-qarışmış və korrupsiyalaşmış güc piramidasını quran liderləri – indiki parlament müxalifətini günahlandırır. Buna görə də, İşxan Saqatelyanın dili sürüşməmişdi və ya bu diqqətsizlik deyildi. Bu, gülüş obyekti də deyil. Çünki bu insanlar hakimiyyətə “qənimət” kimi baxırlar.
Bu gün parlamentdə oturan “Şərəfim var” və “Hayastan” blokları vaxtilə Ermənistanı işğal etmişdilər, korrupsiyalaşmış sistem formalaşdırmışdılar. Saqatelyan da onlara xas bir dillə danışır.
Ermənistan üçün yaranan fəsadların “məhək daşları”ndan biri 2007-08-ci illərdə Robert Köçəryan hakimiyyəti Serj Sərkisyana təhvil verərkən, ona ötürülən maliyyə-iqtisadi problemlər idi.
Köçəryan 2007-ci il parlament seçkilərində Respublikaçı Partiyasının hakim çoxluqdan çıxarılmasını, hakim sistem daxilində qüvvələr balansının dəyişdirilməsini, xarici işlər naziri Vardan Oskanyanın prezidentliyə namizəd kimi irəli sürülməsini nəzərdən keçirib. Köçəryan bundan sonra ya baş nazir postunda qalmağı, ya müəyyən fasilədən sonra qayıtmağı, ya da hökuməti “uzaqdan” idarə etməyi düşünürdü. Əsas məqsəd də, Serj Sərkisyanı zərərsizləşdirmək idi. Bu isə o mərhələdə Rusiyanın yanaşmaları ilə üst-üstə düşmədi və nəticədə Köçəryanın planı uğursuz oldu.
Beləliklə, Köçəryan hakimiyyətin sükanını təhvil verdi. Amma maliyyə-iqtisadi “status-kvo” başqa məntiqə tabeydi və hakimiyyətin sabit gedişini təmin edəcək kapital bazası yox idi. 2005-2006-cı illərdə kifayət qədər dinamik rejimdə yetişən böhran dərinləşdi. Bu böhran bu günə qədər davam edir. Bu gün isə Ermənistanı bu dərin problemlərin girdabına yuvarlayanlar yenidən hakimiyyətə gəlməyə can atırlar.