28 İyun 12:36
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər ölkəsində ciddi müzakirə mövzusuna çevrilib. Baş nazirin mesajları erməniləri təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, Paşinyanın yeni müharibə mesajını müzakirəyə çıxaran Ermənistan mətbuatı və siyasiləri belə bir savaşın onlara baha başa gələcəyini bildiriblər.

Parlamentdəki müxalif “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Nikol Paşinyanın Ermənistan xalqını yeni və daha böyük güzəştlərə hazırladığını iddia edib:

“Nikol Paşinyan deyir ki, Azərbaycan sülh gündəmi üzrə hərəkət etməkdən imtina edir, Ermənistana qarşı yeni müharibəyə başlamaq üçün qanuni əsas yaradır. İctimaiyyətin diqqətini iki məsələyə cəlb etmək istəyirəm. Birincisi, Paşinyan əslində bununla bəyan etdiyi siyasi gündəmin, “sülh erası”nın iflasa uğradığını, vətəndaşlarımıza verdiyi əsas vədi yerinə yetirə bilməyəcəyini deyir. İkincisi, Paşinyan deyir ki, bizi yeni müharibə gözləyir. Mənim fikrim budur ki, hökumət müharibə ilə şantaj etməklə cəmiyyəti yeni, daha böyük güzəştlərə hazırlayır. Onu da istisna etmirəm ki, yeni müharibə olacaq və Ermənistanın ciddi itkiləri olacaq”.

Sabiq prezident Serj Sərkisyanın Respublikaçı partiyasının üzvü Artak Zakaryan isə deyib ki, Azərbaycana məğlubiyyətə və ağrılı etiraflarına baxmayaraq Paşinyanın hələ də hakimiyyətdə qalması əsl möcüzədir:

“Dünyada heç vaxt elə bir ölkə olmayıb ki, onun lideri siyasi uğursuzluqlardan, böyük hərbi məğlubiyyətlərdən, ordusu dağıldıqdan sonra nəinki sağ qalsın, hətta rüsvayçı mətbuat konfransları keçirməyə davam etsin. Belə bir şey olmayıb, belə bir şey yoxdur. Nə ən geridə qalmış müasir Afrika xalqları, nə də daha inkişaf etmiş və demokratik müasir ölkə buna dözərdi. Orta əsrlərdə, qədim dünyada və ya tarixdən əvvəlki dövrdə belə kosmik rüsvayçılıq olmayıb”.

Zakaryan Paşinyanın imzaladığı kapitulyasiya aktının bütün müddəalarını yerinə yetirərək, Azərbaycanın bütün tələblərini reallaşdıracağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu