BMT Baş Assambleyasının rəhbəri Abdulla Şahid qondarma erməni soyqırımı ilə bağlı Tvitterdəki paylaşımını silib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da yaşayan erməni jurnalist Harut Sasunyan məlumat verib.
O, BMT rəsmisinin tviti Türkiyənin təzyiqi ilə sildiyini bildirib:
“BMT Baş Assambleyasının rəhbəri Abdulla Şahid iyulun 27-də İrəvandakı erməni soyqırımı memorialına (qondarma – red.) əklil qoyarkən çəkilmiş 4 fotonun yer aldığı tvit yayımlayıb. O, tvitində yazıb: “Erməni soyqırımı qurbanlarının xatirə kompleksinin önünə əklil qoydum”.
Onun paylaşımındakı digər fotolarında memorialın “əbədi atəş”i qarşısında soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etdiyi, muzeyi gəzdiyi və xatirə kitabına imza atdığı görünüb.
Şahidin səfərindən və postundan qısa müddət sonra Türkiyə Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq, onu buna görə qınayıb”.
Abdulla Şahid Türkiyənin etirazından sonra tvitini silib. BMT rəsmisinin bu qərarı Ermənistan və diaspor tərəfindən etirazla qarşılanıb.