12 Avqust 2022 10:17
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesində növbəti mərhələyə keçilib. Bu çərçivədə texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün iki ölkənin səlahiyyətli nümayəndələrinin sentyabrda görüşü planlaşdırılır. İki ölkənin Nəqliyyat, Ticarət və Xarici İşlər nazirliklərinin rəsmiləri normallaşma prosesi çərçivəsində atılan addımların texniki aspektlərini müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyanın iyulda Vyanada keçirilən görüşündən sonra iki ölkə arasında birbaşa hava yüklərinin daşınması və sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılması ilə bağlı razılıq əldə olunub. Bu çərçivədə texniki komissiyaların atılacaq addımları müzakirə etməsi və yol xəritəsinin hazırlanması planlaşdırılır. Sentyabrda keçiriləcəyi bildirilən görüşün yeri hələ dəqiqləşdirilməyib.

Türkiyə ilə Ermənistan arasındakı danışıqlara rəhbərlik edən Sərdar Kılıçla İrəvan təmsilçisi Ruben Rubinyan arasında bir dəfə Moskvada, üç dəfə isə Vyanada təkbətək görüşdüyü bildirilib. Xüsusi nümayəndələrin çox səmimi və mehriban dialoq qurduqlarına diqqət çəkən rəsmi mənbələr Rubinyanın Kılıçla telefonla əlaqə saxladıqda türkcə salamlaşdığını deyiblər.

Beləliklə, normallaşma prosesində iki nümayəndə 4 dəfə üz-üzə gəlib, bu günə qədər 500-dən çox telefon danışığı aparıb.

Rəsmilər Türkiyə ilə Ermənistan arasındakı prosesin bir növ “qarşılıqlı etimadın formalaşdırılması” prosesi olduğunu bildiriblər:

“Birinci mərhələdə böyük gözləntilər ehtimal etmək və məyusluq yaşamaq əvəzinə, biz Ermənistanla addım-addım irəliləyişlə bağlı razılığa gəldik. Bir çox etimad quruculuğu tədbirləri üzərində işləyirik. Humanitar ölçüləri olan tədbirlər də var. Bizi elə bir proses gözləyir ki, sərhəd keçidlərində daha uzun iş tələb olunacaq. Fiziki şərait də imkan verməlidir. Məsələn, iki ölkəni birləşdirən 178 metr uzunluğunda Əlican körpüsü var. Amma bu körpünün avtobusları daşıya biləcəyini bilmirik. 1993-cü ildə rus əsgərləri tərəfindən dağıdılan İpək Yolu körpüsünün təmiri çox ciddi etimad quruculuğu tədbiri olardı”.

Rəsmi mənbələr hər il Gürcüstan üzərindən təxminən 15 min TIR-ın Ermənistana gəldiyi və iki ölkə arasındakı ticarət həcminin 230 milyon dollar olduğunu deyiblər: “Əgər hər iki tərəf lazımi çevikliyi nümayiş etdirərək münasibətlərin müsbətə doğru inkişafını təmin edə bilsə, bu, hər iki ölkə üçün qazanclı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər