Türkiyə bundan əvvəl üçüncü ölkələrdə baş tutmuş müzakirələrdən sonra Ermənistanla normallaşma danışıqlarını bu iki ölkənin paytaxında davam etdirilməsini istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Middle East Eye” Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbə iddia edib ki, Türkiyənin Ermənistanla danışıqlardakı xüsusi nümayəndəsi Sərdar Kılıç İrəvana səfər etməyə və orada həmkarı Ruben Rubinyanla görüşməyə hazırdır.
Ankara və İrəvan ötən il normallaşma ilə bağlı dialoqa başlayıb və indiyədək Moskva və Vyana kimi şəhərlərdə dörd görüş keçirib.
Ötən ay Türkiyə və Ermənistan birbaşa hava-yük ticarətinə başlamaq və quru sərhədlərini mümkün qədər tez üçüncü ölkə vətəndaşları üçün açmaq qərarına gəlib.
“Middle East Eye” yazır ki, iki ölkə arasında rəsmi diplomatik münasibət yoxdur, Türkiyə Ermənistanla sərhədini 90-cı illərdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsindən sonra bağlayıb:
"2009-cu ildə Qərbin vasitəçiliyi ilə normallaşma cəhdi uğursuzluğa düçar olduqdan sonra Ankara və İrəvan ilk dəfə birbaşa danışıqlar aparır. Azərbaycanın 2020-ci ildə Qarabağı geri qaytarması Ankaraya yeni təşəbbüsə başlamağa imkan verib, bu, Ermənistan hökuməti tərəfindən də müsbət qarşılanıb”.
Mənbə Azərbaycanın danışıqlarda iştirak etmədiyini, müzakirələrin iki ölkə arasında getdiyini vurğulayıb. Bununla belə, mənbə bildirib ki, Türkiyə Ermənistanla Azərbaycan arasında davam edən gərginlik və prosesi nəzərə alır, bu da tərəflər arasındakı danışıqlara birbaşa təsir edə bilər.
Türk diplomat deyib ki, müzakirələrdə ciddi irəliləyiş əldə olunmasa, Ermənistan danışıqları Ankara və İrəvana keçirməyə hazır görünmür. Mənbə əlavə edib ki, danışıqların Ankara və İrəvanda aparılması irəliləyiş olardı və onlar müzakirələrin daha müsbət mühitdə getməsi üçün bunu etməlidirlər.
Ankara hər iki ölkədə ictimai rəyi daha böyük addımlara hazırlayacaq konkret qərarlarla normallaşma prosesinin inkişaf etdirilməsinin tərəfdarıdır. Türkiyə hər iki tərəfdə həddindən artıq gözləntilərə səbəb olmayacaq və hər iki ölkədə müsbət qarşılanan və addım-addım görüləcək tədbirlərə üstünlük verir.
Mənbə bildirib ki, keçidlərdə infrastrukturun olmaması səbəbindən quru sərhədinin üçüncü ölkələr üçün açılmasında çətinliklər yaranıb, bu da görüləcək işləri gecikdirə bilər.
Məsələn, 30 ildən artıqdır istifadə olunmayan Əlican və Akyaka sərhəd-keçid məntəqələrində şərait yaxşılaşdırılmalıdır. Türkiyənin xüsusi nümayəndəsi Kılıç Rubinyanla son görüşdən sonra sərhədə gedərək keçidlərdə yoxlamalar aparıb. Odur ki, sentyabrda infrastruktur məsələlərini həll etmək üçün Türkiyə və Ermənistan texniki danışıqlar aparmalıdır. Ermənistan razılaşarsa, xüsusi nümayəndələr daha sonra Ankara və ya İrəvanda danışıqların növbəti raundunu keçirə bilərlər.
Mənbə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ay Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığının da prosesə müsbət təsirinin ola biləcəyini söyləyib.
Danışıqlarda qarşılıqlı etimadın yaradılması tədbirlərinə üstünlük verilsə də, iki ölkə arasındakı çətin məsələlər, xüsusilə də “erməni soyqırımı” gündəmə gətirilməyib. Ankara hesab edir ki, indiki mərhələdə iki ölkə arasındakı belə məsələləri müzakirə etmək rasional olmaz. Bununla yanaşı, türk diplomat Ermənistanın Türkiyəyə qarşı heç bir torpaq iddiasının olmadığını açıq şəkildə bəyan etməsini təqdir edib.
Keçən ay Türkiyənin Ermənistanla sərhədini minalardan təmizlədiyi barədə məlumat yayılıb. Bu, Ankaranın sərhədi tam açmağa hazır olduğu barədə iddianın irəli sürülməsinə səbəb olub. Bununla belə, türk diplomat minaların təmizlənməsinin danışıqlarla bağlı olmadığını, Ottava Konvensiyası ilə əlaqəli olduğunu deyib.