18 Avqust 22:59
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən yanğından və partlayışdan dərhal sonra, Ermənistanın revanşçı dairələrinin, xüsusuilə də separatçı-terrorçu zümrənin klassik təmsilçilərinin nəzarətində olan media resurslarında, sosial şəbəkələrin erməni seqmentində Azərbaycan, Türkiyə və Rusiyaya qarşı ittihamların körüklənməsində başlanıldı. Harada və necə keçirildiyi açıqlanmayan “sorğu”ların nəticələri elan olundu və "bəlli oldu" ki, Ermənistan əhalisinin 90 faizi partlayışda Azərbaycan, Türkiyə və Rusiya “iz”inin olduğunu düşünür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, baş verənlərin fonunda Livan ermənisi Jirayr Səfilyanın yaratdığı “Sasna Çrer” təşkilatı da hərəkətə gətirilib və növbəti dəfə istifadəyə yararlı olduğunu sübuta yetirmək üçün daha aqressiv ritorika sərgiləməyə başlayıb:

“Bu qruplaşmanın ritorikası daha çox Rusiyaya qarşı yönəlib. Əslində, “sasna çrer”çilərin Rusiya əleyhinə təbliğat kampaniyasına öncüllük etmələrində təəccüblü heç nə yoxdur. “Sasna Çrer” mərkəzi ofisi Nyu-Yorkda yerləşən “Qaragözyan” fondunun layihəsidir və vaxtilə Jirayr Səfilyanın bir qrup Livan terrorçusu, o cümlədən ASALA terror təşkilatının muzdlu qatilləri ilə Azərbaycan torpaqlarına gələrək kütləvi qətliamlar törətmələrinin maliyyə təminatçılarından biri də məhz sözügedən fond olub.

“Sasna Çrer”in 2016-cı ildə gerçəkləşdirdiyi aksiyanın həm də Serj Sərkisyanın işinə yaraması, ona öhdəliklərindən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə imkan verməsi faktı ilə Serjin “xaç çevirdiyi” ənənəvi qütbün Cənubi Qafqazdakı maraqları arasındakı fərq, bu qəbildən olan yanaşmalara münasibətdə müəyyən şübhələr yarada bilər. Amma unutmaq lazım deyil ki, Serj 2016-cı ildə klassik erməni xislətindən çıxış edərək, ilk baxışda mürəkkəb görünən “buruqvari” bir poza almışdı və üzünü Qərbə, arxasını isə Şimala çevirmişdi. Təfərrüatına varmayacağam, çünki nəticəsi hər kəsə bəllidir. Bu xüsusda, Rusiya Xarici İşlər Nazirliyinin dolayısıyla “Sasna Çrer”in apardığı kampaniya üzərindən Ermənistana nota verməsinə diqqət çəkməyin daha vacib olduğunu düşünürəm.

Kremldə Jirayr Səfilyanın və ətrafındakı tör-töküntülərin 2018-ci ildə Ermənistanda baş verən, Qərbin dəstəklədiyi, Şimalınsa göz yumduğu inqilababənzər hadisələr zamanı Nikol Paşinyanı dəstəklədiklərini yaxşı xatırlayırlar. Nikolun baş nazirin vəzifələrinin icrasına başlayan kimi Jirayr Səfilyana vətəndaşlıq verdiyini də unutmayıblar”.

Elçin Mirzəbəyli qeyd edib ki, “Sasna Çrer”in 2016-cı ildə həbs edilmiş üzvləri, o cümlədən terror təşkilatının qurcusu Jirayr Səfilyan məhz Paşinyan hakimiyyətə sahibləndikdən sonra azadlığa buraxılıb:

“Həmin dövrdə Paşinyanın bu addımı radikal millətçilərin səslərinin parçalanması, “Rusiya yönümlü millətçilər”in “qərbyönümlü millətçilər” vasitəsilə sıxışdırılması məqsədilə atdığını bildirmişdim. Bu gün də belə düşünürəm.

“Sasna Çrer”lə bağlı diqqətçəkən məqamlardan biri bu terror təşkilatının üzvlərinin bir qisminin İkinci Qarabağ müharibəsində ön cəbhəyə getməkdən imtina etmələri, bir hissəsinin isə ümumiyyətlə Qarabağa gəlməməsidir. “Sasna Çrer” üzvləri bunu onların Qarabağa getmələrinin qadağan edilməsi ilə əlaqələndirirlər. Amma Paşinyanın qərbyönlü millətçi təşkilatları, o cümlədən “Sasna Çrer”i himayə etməsi ilə bağlı faktlar sübuta yetirir ki, baş nazir sadəcə onları qorumaq istəyib. O zaman ortalığa təbii bir sual çıxır: nə üçün?

Ola bilsin ki, Rusiya və Türkiyə əleyhinə kampaniyanın aparılması, ehtiyac duyulduqda Moskvanın iştirakı ilə aparılan danışıqların pozulması, süni gərginliyin yaradılması üçün. Bunun əksi də ola bilər. Yəni “sasna çrer”çilər Nikol üçün uyğun olan bütün ssenarilərdə yer ala bilərlər. Qənaətimə görə ki, Səfilyan-Paşinyan münasibətlərinə aydınlıq gətirmək üçün onların arasında 2019-cu il sentyabrın 5-də keçirilən görüşü və bu görüşdən sonra “Sasna Çrer” qurucusunun bəyanatını xatırlatmaq da yerinə düşər.

“Biz görürük ki, keçmiş hakimiyyət (Serj Sarkisyan) revanşa hazırlaşır və buna imkan verməyəcəyik”, - Səfilyan demişdi.

Bəyanatdan gətirdiyim iqtibasdan da göründüyü kimi, Səfilyan açıq şəkildə Nikolun müdafiəsinə qalxır və keçmiş rejimin revanşına yol verməyəcəklərini bildirir. Bu baxımdan, “Sasna Çrer” və digər bu kimi “qərbyönlü millətçilər”in bu və digər şəkildə Nikol və himayəçilərinə birbaşa, yaxud dolayısıyla bağlı olduğu barədə Rusiya XİN-in notasında yer alan eyhamlarda həqiqət payının az olmadığı qənaətindəyəm. Nə fərqi var, pulu Sorosdan alırsan, yaxud “Qaragözyan”dan. Son nəticədə bütün ipucları okeanın o tayına aparır”.


Müəllif: Mənsur Rəğbətoğlu