Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 10 kvadrat kilometr əraziyə nəzarəti bərpa etdiyini deyib.
Teleqraf.com Armenpress-ə istinadla xəbər verir ki, bunu baş nazir bunu parlamentdə keçirdiyi brifinq zamanı deyib.
O, həmçinin xatırladıb ki, 2021-ci il mayın 12-də Azərbaycan tərəfi daha 40 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib.
Paşinyan daha sonra deyib: “Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Biz Ermənistan Respublikasının təhlükəsizliyini, davamlı sabitliyini və sülhünü təmin etmək üçün bu qərarları qəbul etməliyik. Biz bu gün elə “sülh müqaviləsi” imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı,çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistanın başına nə gələcəyi düşündürür”, - baş nazir Paşinyan bildirib.
O, Ermənistanda parlament çoxluğunun olmasından məmnunluğunu ifadə edib və deyib ki, bu, ona bu məsuliyyəti daşımağa imkan verir.
Qeyd edək ki, sentyabrın 13-də saat 00:05-də Azərbaycan və Ermənistanın sərhədində gərginlik yaranıb, tərəflər arasında artilleriya və iriçaplı silahlarla atışma baş verib. Nəticədə hər iki tərəfdən itkilər var.