Rusiya Prezidenti Vladimir Putin Ermənistanı müstəqillik günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxışı zamanı danışıb.
“Fürsətdən istifadə edərək qardaş erməni xalqını və ölkə rəhbərliyini sabah qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Bu il eyni vaxtda iki əlamətdar yubiley - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyi və dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının iyirmi beş illiyi tamam olur”, - Rusiya lideri qeyd edib.
Putin əlavə edib ki, Moskva və İrəvan intensiv siyasi dialoq aparır. O, xatırladıb ki, təkcə 2022-ci ildə Ermənistan Baş naziri Nikol Paşinyanla üç dəfə, o cümlədən bu yaxınlarda Vladivostokda Şərq İqtisadi Forumunda görüşüb.