“ABŞ və Fransa Paşinyanı və onun hökumət üzvlərini Ermənistan-Rusiya ilə qarşıdurmasına şərait yaradacaq təhlükəli oyuna sövq etməyə çalışırlar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şaninoğlu deyib.
Ekspert Ermənistan ətrafındakı gəlişmələrə diqqət çəkib:
“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda olarkən, Ermənistan hakimiyyətinə və cəmiyyətinə seçim etməsiylə bağlı belə bir cümlə işlətmişdi: “Ermənistanın demokratiyası, suverenliyi və ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz öz əməli yardımımızı göstərmək üçün buradayıq, seçim Ermənistanındır. Biz öz istəyimizi ifadə etmək üçün buradayıq”.
Əslində Pelosi İrəvana “ya Amerika, ya Rusiya” seçimini təklif etmişdi.
Ermənistan rəsmiləri Pelosinin səfərindən iki gün əvvəldən başlayaraq “Rusiya bizi qorumur”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzərinə düşəni etmir” kimi açıqlamalar verirdilər. Bu siyasətin davamı kimi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a yola düşüb. Onun patronu Nikol Paşinyan isə Fransaya gedib.
ABŞ və Fransa Baş nazir Nikol Paşinyanı və onun hökumət üzvlərini Ermənistan-Rusiya qarşıdurmasına şərait yaradacaq təhlükəli oyuna sövq etməyə çalışırlar”.