“Mən qafanlılara məsləhət görürəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq”.
Teleqraf.com xəbər verir ki, bunu İranın Qafandakı yeni baş konsulu Morteza Abedin Varamin deyib.
Onun sözlərinə görə, bazar ertəsindən etibarən Qafandakı baş konsulluq işə başlayacaq.
Konsul da İranın dini-siyasi rejiminin digər nümayəndələri kimi Azərbaycana qarşı Ermənistana dəstək mesajlarını əsirgəməyib.
Ermənipərəst İran rəsmisinin açıqlamasından:
“- Bir neçə həftə əvvəldən fəal işləyirdik, burada baş konsulluğun açılışına hazırlaşırdıq. Ümidvaram ki, yaxın gələcəkdə konsulluq müxtəlif sahələrdə: siyasi, mədəni, ticarət, iqtisadi və s. sahələrdə tarixi əlaqələrimizin inkişafına kömək edəcək.
- Buradakı insanlarla, Sünik rayonunun (Zəngəzur) rəsmiləri ilə tanış olmaq üçün mənə bir az vaxt lazımdır və bundan sonra hansı sahələrdə daha yaxşı əməkdaşlıq edə biləcəyimizə qərar verəcəyik.
- Biz Ermənistanda sülh elçiləriyik və Ermənistanı sabit ölkə kimi görmək istəyirik. İranın yüksək rütbəli rəsmilərinin qeyd etdiyi kimi, biz regionda hər hansı sərhəd dəyişikliyini qəbul edə bilmərik.
- Mən erməniləri İranın erməni vətəndaşları kimi təsəvvür edirəm. Çox mədəni və mehriban insanlardır. Ermənistan da, Qafan da belədir”.
Jurnalist Azərbaycan hərbçilərinin Qafandan cəmi 2 kilometr məsafədə yerləşdiyini, sərhəddə gərginlik olanda ermənilərin qorxduğunu və həmişə də qorxu içində yaşadıqlarını iddia edib.
İşğal dövründə və bundan sonra Ermənistana hər cür dəstəyi göstərən ölkənin konsulu erməniləri qorxmamaları üçün arxayın salmağa çalışıb:
“Mən qafanlılara məsləhət görürəm ki, narahat olmasınlar, erməni xalqı üçün buradayıq”.