Ermənistanın maliyyə naziri Tiqran Xaçaturyan və müavini Avaq Avanesyan noyabrın 7-9-da Tehranda işgüzar səfərdədir.
Teleqraf.com xəbər verir ki, Ermənistan nümayəndə heyəti səfər çərçivəsində İran prezidentinin müavini Məsud Mirkazım, bu ölkənin maliyyə və iqtisadiyyat naziri Ehsan Xanduzi və bir sıra digər şəxslərlə görüşlər keçirib.
Xaçaturyan və Xanduzi görüşündə iki ölkə arasında ildə 3 milyard dollarlıq ticarətin həyata keçirilməsi, mal mübadiləsinin həcminin 5 milyon dollara çatdırılması müzakirə olunub.
İqtisadi mübadilələrin həcmində 25 faizlik artıma toxunan Xanduzi bu il rəqəmin 40 faizdən çox olacağını vurğulayıb.
Nazir Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması haqda razılaşmanın əldə edildiyini deyib.
“İran hökuməti Qafqaz regionuna xüsusi önəm verərək qonşu ölkələrlə iqtisadi siyasətinə çox ciddi yanaşır və ümid edirəm ki, İran prezidenti və Ermənistan baş naziri arasında görüş zamanı müzakirə edilən ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması hədəfi bu hökumət tərəfindən həyata keçiriləcək”, - Xanduzi bildirib.