Rusiyadan təklif olmasına baxmayaraq, Ermənistan hökuməti yeni atom elektrik stansiyası (AES) tikməkdən yayınır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır.
Qəzet məsələ ilə bağlı Ermənistan rəsmilərindən ziddiyyətli açıqlamalar verildiyini bildirir:
“Nikol Paşinyan iyulun 12-də Rusiyanın “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçevlə Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi imkanları ilə bağlı məsələləri müzakirə etdiyini açıqladı.
Bundan əvvəl, 2021-ci ilin noyabrında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan demişdi ki, hökumət 2026-2027-ci illərdə yeni AES tikməyi planlaşdırır. Onun sözlərinə görə, yeni enerji blokunun tikinti işləri 2036-cı ilə qədər hazırlanmalı və həyata keçirilməlidir. Yəni Sanosyan tikinti işlərinin 7-8 il davam edəcəyini bildirmişdi.
Maraqlıdır ki, bununla bağlı başqa açıqlamalar da olub. Məsələn, 2019-cu il dekabrın 10-da ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan jurnalistlərlə söhbətində yeni AES-in tikintisi məsələsinin müzakirə olunmadığını, bunu da ona Nikol Paşinyanın bildirdiyini demişdi.
Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanda yeni atom elektrik stansiyasının inşası imkanlarını müzakirə etmək istədiyini açıqlamışdı.
Yəni Nikol Paşinyan və komandasının üzvləri növbəti dəfə çaşdırıcı açıqlamalar verir, özlərini inkar edirlər və bununla da Ermənistan vətəndaşlarını aldadırlar”.
Qeyd edək ki, Ermənistanda hazırda istifadədə olan “Metsamor” AES qəzalı vəziyyətdədir. BMT, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AES) və baqşa beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına baxmayaraq, Ermənistan rəhbərliyi bölgəyə fəlakət vəd edən AES-i bağlamır.